Avqustun 16-da Ağdama səfər edən Azərbaycanda akkreditə edilmiş diplomatik korpus üzvləri və hərbi nümayəndələr Bərdə-Ağdam dəmir və avtomobil yollarının tikintisi işləri ilə tanış olublar.
Bizim.Media xəbər verir ki, qonaqlara hər iki yolun layihəsi və tikintisi ilə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Başlanğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolda qovşaqlar, körpülər, yeraltı keçidlər və digər qurğuların inşası tam başa çatdırılıb. Ümumilikdə layihə üzrə nəzərdə tutulan işlərin 88 faizi icra edilib. Yolun tikintisinin yaxın müddətdə başa çatdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Həmçinin bildirilib ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad olunmuş Ağdam şəhərinə qədər inşa edilir. Yolun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsindən keçir. Ümumilikdə isə avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.
Bərdə-Ağdam dəmir yolu xətti barədə xarici diplomatlara və hərbi nümayəndələrə məlumat verilərkən bildirilib ki, dəmir yolunun inşası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən yerinə yetirilir. Layihənin icrasına 2020-ci ildə başlanılıb. Tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Qeyd olunub ki, xəttin yan yollarla birlikdə uzunluğu 57,9 kilometr, o cümlədən ox üzrə uzunluğu 47,1 kilometrdir. Bu xəttin üzərində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Ümumiyyətlə yol üzərində 130 mühəndis qurğusu, o cümlədən 3 körpü, 1 yolötürücü, 85 suötürücü boru, 1 piyada üst keçidi və 33 ehtiyat keçidinin yaradılması nəzərdə tutulub. Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 90, tikinti-quraşdırma işlərinin isə 70 faizi yerinə yetirilib. Xətt üzərində 56,9 kilometr uzunluğunda uzunölçülü relslər quraşdırılıb, mühəndis və digər qurğuların tikintisi başa çatdırılıb.
Qeyd edək ki, səfərdə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi iştirak edir.
Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır. Eyni zamanda, qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat veriləcək. Qonaqların hazırda şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olması nəzərdə tutulur.
Bizim.Media