Qusarda aparılan arxeoloji qazıntılar zamanı 5 məişət quyusu, 1 təndir, ocaq yeri, tikinti qalıqları, məişət əşyaları ilə yanaşı, qədim tayfa başçısına aid iki müxtəlif möhür də tapılıb.
Bu açıqlamanı Bizim.Media-ya Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji xidmət və yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin müdiiri, Qusar ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev verib.
O, Qusarın Bədirqala kəndi ərazisində yerləşən Qızılgül təpələri abidəsində aparılan arxeoloji qazıntıların davam etdirildiyini açıqlayıb.
Qeyd edib ki, tarixi abidədə aparılan fundamental qazıntılar zamanı maraqlı məişət əşyaları tapılıb.
Onun sözlərinə görə, adətən belə qazıntılar zamanı məişət əşyaları sınıq və qırıntılar şəklində tapılır, saf, bütöv halda isə yalnız qəbirlərdə aşkar edilir.
"Bu dəfə maraqlı haldır ki, saxsı qabın qapağı və şamdan bütöv-yəni saf halda tapılıb. Bu, çox nadir hallarda belə tapılır" - deyə Qusar ekspedisiyasının rəhbəri vurğulayıb.
Qəhrəman Ağayev bir müddət əvvəl Qızılgül təpələri abidəsini buldozerlə dağıdan üzdəniraq qızılaxtaran şəxslərin məsuliyyətsiz hərəkətləri barədə artıq hüquqi ölçü götürülməsinin vacibliyini vurğulayıb:
"Mən uzun illərdir arxeoloji qazıntı aparıram, tarixi abidə yerindən qızıl tapmamışam. Demirəm ki, Azərbaycanda qızıl yoxdur, var. Varlanmaq istəyən bu qızılaxtaran şəxslər də əsasən əzəmətli abidələrimizə üz tutur, dağıdır, məhv edirlər. Olmaz, belələri haqda ciddi tədbir görülməlidir. Çirkin əllərini tarixi yerlərimizdən çəksinlər".
Qəhrəman Ağayev ilkin olaraq Qızılgül təpələri abidəsinin 3-8-ci əsrlərə, ilk orta əsrlər dövrünə təsadüf etdiyini deyib:
"Arxeoloji tədqiqatlar bu abidənin daha qədim, antik dövrlərə gedib çıxdığını təsdiqləyir".
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu