“Dini Qurumlarla İş üzrə Komitə nəzir qutularına nəzarəti gücləndirməlidir” – Cavanşir Paşazadə

“Dini Qurumlarla İş üzrə Komitə nəzir qutularına nəzarəti gücləndirməlidir” – Cavanşir Paşazadə

Hazırda oxunan: “Dini Qurumlarla İş üzrə Komitə nəzir qutularına nəzarəti gücləndirməlidir” – Cavanşir Paşazadə

150425

Azərbaycanda nəzir qutularından yığılan vəsaitlərin hara xərclənməsi hələ də müəmmalı olaraq qalır. İllərdir nəzir qutularına toplanan ianələrin nə hesabatı açıqlanır, nə də şəffaflığın təmin olunması məqsədilə aidiyyəti üzrə xərcləndiyi barədə məlumat verilir. 

Halbuki hər gün minlərlə insan axını müşayiət olunan məscid, pir və digər yerlərdə nəzir qutularına atılan məbləğin miqdarı da azlıq təşkil etmir. Bir sözlə nəzir qutularının hansı mexanizmlə işlədiyini bilmirik. Hansı ki, bir ildən çoxdur ki, nəzir qutularına nəzarəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. 

Əlavə olaraq bu komitə elektron ianələrlə bağlı qaydalar hazırlayır ki, mexanizmi ilə bağlı da xəbərsizik. 

Bəzi deputatlar onlayn nəzir sistemi işə düşəndən sonra nəzir qutularına ehtiyac olmadığını düşünürlər. 

Milli Məclisin deputatı Cavanşir Paşazadə mövzu ilə bağlı Bizim.Media-ya danışıb. 

O, deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzir qutularına nəzarəti genişləndirməlidir:

“İki il əvvəl “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edildi. Bu qanunda nəzir qutuları ilə bağlı məsələ də müəyyən qədər öz həllini tapdı. Nəzirin onlayn şəkildə və hansı formada ödənilməsi, bu ödənişlərə kimin və necə nəzarət olunması məsələləri müzakirə edildi. 

Bilirsiz ki, nəzarəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Yəni qanunla bu məsələ Komitənin üstündədir. Ötən gün nəzir qutularından edilən oğurluq məsələsinə  gəlincə, bu hadisə həmin məscidlərdəki insanların səhlənkarlığı və nəzarətsizliyi ucbatından baş verib. İstər məscid, istər başqa bir yer, yaxud məktəbin bufeti, orada nəzir qutularına ödənişlər varsa, bu məsələnin təhlükəsizliyi müzakirə mövzusu olmalıdır. 

Təbii ki, hər bir yerdə insident və ya oğurluq halları ola bilər. Hansı ki, bəzi insanlar hələ də təxribatlarla məşğuldurlar. Onların dini əqidəsi yoxdur və hər bir yerdə bunu edə bilərlər. Hesab edirəm ki, istənilən halda Dini Komitə bu məsələyə nəzarəti genişləndirməli və gücləndirməlidir”.

Deputat elektron ianə tətbiqindən sonra nəzir qutularına ehtiyac olub-olmaması məsələsinə də toxunub. O, deyib ki, sistem işə düşsə, artıq nəzir qutularına ehtiyac qalmayacaq:

“Amma bu qutuların olub-olmaması yenə də Dini Komitənin səlahiyyətindədir. Onu da deyim ki, insanların bu gün də qəlbindən keçdiyi və verdiyi 3-5 manat nəzirlərin onlayn formada ödənilməsi hələki alınmayacaq. Biz nə qədər desək də, buna zaman və dövr lazımdır. Bir müddətdən sonra insanlar buna alışacaqlar. Necə ki, 5 il əvvəl heç kim kartdan istifadə etmirdi. 
Amma indi əhalinin 98 faizi nağdsız, yəni kartla ödənişlərini həyata keçirirlər. O zamana qədər də mən elə bilirəm ki, müəyyən məsələlər öz həllini tapacaq”, -deyə Cavanşir Paşazadə   əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO