Qızmar günəş altında... – Günvurmadan qorunmağın YOLLARI

Qızmar günəş altında... – Günvurmadan qorunmağın YOLLARI

Hazırda oxunan: Qızmar günəş altında... – Günvurmadan qorunmağın YOLLARI

150106

Xəbər verdiyimiz kimi avqustun 12-dək ölkə ərazisində güclü istilər olacaq. Lakin havaların isti olmasına baxmayaraq insanlar gündəlik qayğıları ilə məşğul olmağa davam edirlər. Bu zaman da günümüzün xeyli hissəsinin qızmar günəş altında keçirməyə məcbur qalırıq. 

Bu isə sağlamlığımız üçün ciddi təhlükə yaradır. Çünki, günün çox hissəsini qızmar günəş şüaları altında keçirmək, açıq havada fasiləsiz fiziki işlə məşğul olmaq kimi hallar insanları günvurma təhlükəsi ilə üz-üzə qoyur.
Bundan başqa çimərlikdə və həyətdə qızmar günəş altında gününü keçirən insanlar da az deyil. Amma unutmaq lazım deyil ki, günvurma ağır fəsadlarla nəticələnə bilər. Xüsusən də yaşlılar, uşaqlar və xəstələr üçün günvurma çox təhlükəlidir. Günvurma zamanı insan orqanizminin həddindən artıq qızması nəticəsində müxtəlif mənfi proseslər baş verir. Günvurmaya ən çox uşaqlar, kök insanlar, ürək-damar və endokrin xəstəliklərindən əziyyət çəkənlər məruz qalırlar.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Hamlet Məmmədov bildirib ki, günvurma başın birbaşa günəş şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır:

“Bu zaman beyin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir, bu da mərkəzi və periferik sinir sisteminin pozulmasına gətirib çıxarır. Uşaqlarda və qocalarda günvurma xüsusilə ağır keçir. Günvurma əksər hallarda başı açıq şəkildə gün altında xeyli müddət qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beynin qan dövranı pozulur. 

Günvurmanın əlamətləri zəiflik, qızarmış sifət, baş gicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, ürəkbulanma və qusma, ağır hallarda bədən hərarətinin 40 dərəcədən daha artıq yüksəlməsi, qıcolmalar və huşun itirilməsidir. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir”.

Hamlet Məmmədov onu da qeyd edib ki, günvurmanın ilkin əlamətləri müşahidə edilən kimi zərərçəkəni kölgəyə və ya sərin yerə aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır:
“Zərərçəkənə soyuq su verməli, üzünü və sinəsini soyuq su ilə silməli, başına, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq parçaya bükülmüş buz parçası və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoymaq lazımdır. Xəstənin vəziyyəti ağırlaşdıqda dərhal təcili tibbi yardım briqadasının çağırılması çox vacibdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO