Yararsız məhsul istehsal edən şəxslər CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Yararsız məhsul istehsal edən şəxslər CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Hazırda oxunan: Yararsız məhsul istehsal edən şəxslər CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

149832

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəmizdə mütəmadi olaraq, istehlaka yararsız məhsulların məhv ediliyi ilə bağlı məlumat paylaşır. Bir çox hallarda yararsız məhsulu istehsal edən müəssisələrin adları da açıqlanır.

Lakin bir məqam qaranlıq qalır. O da yararsız məhsul istehsal edən şirkətlərlə bağlı hansı cəza tədbirlərinin görülməsidir.

Məlumat üçün qeyd edək ki, AQTA-nın Əsasnaməsinin 3.0.12. bəndində qurumun səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tədbirləri tətbiq etmək vəzifəsinin olduğu qeyd olunub.

Buna baxmayaraq, məhv edilən məhsulları istehsal edən müəssisələrə hansı cəzanın verilməsi ilə bağlı açıqlamalara, demək olar ki, rast gəlmirik.

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq, AQTA-dan bildirilib ki, cari ilin 6 ayı ərzində aparılan nəzarət tədbirləri nəticəsində, ümumilikdə 1 976 ton, 406 min 327 litr və 85 min 394 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə aid məhsul barədə məhvetmə qərarları qəbul olunub.
 

MÖVZU İLƏ BAĞLI:

AQTA bazarda rahatlıqla satılan təhlükəli yağların adlarını niyə GİZLƏDİR? – TƏHLİL 


Qeyd olunub ki, 14 ton yağ və 3 ton 800 kq qənd məhsulunun utilizasiyasına dair qərarlar qəbul edilib:

“Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli  542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”na uyğun olaraq, istifadəyə yararsız yeyinti məhsullarının məhv edilməsi onların yoxlayıcı orqan və ya onun qərarı ilə mal sahibi və yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi vasitəsilə həyata keçirilir.

Həmin qaydalara əsasən, malların zərərsizləşdirilməsi və məhv edilməsi AR-nın “İstehsalat və məişət tullantıları haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” qanunlarına uyğun həyata keçirilir, sanitar-epidemioloji salamatlıq baxımından təhlükə törədən mallar məhv edilməzdən əvvəl zərərsizləşdirilir.
Belə ki, Agentlik tərəfindən istifadəyə yararsız qida məhsullarının məhv edilməsinə dair qəbul edilmiş müvafiq qərara əsasən, həmin məhsullar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus xüsusi poliqonlarda AQTA əməkdaşlarının iştirakı ilə müvafiq qaydada məhv edilir və aktla rəsmiləşdirilir.

AQTA tərəfindən aparılan yoxlama-nəzarət tədbirləri zamanı istehlaka yararsız məhsulların, həmçinin sahibkarların müraciəti əsasında istifadə müddəti bitmiş məhsulların məhv edilməsi prosesi mütəmadi olaraq həyata keçirilir və burada ictimaiyyət nümayəndələri və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı təmin olunur. Həmin məlumatlar fotoşəkillərlə gündəlik olaraq Agentliyin rəsmi saytında ictimaiyyətin diqqətinə çatdırılır".

Bildirilib ki, AQTA iki halda vaxtı keçmiş və istifadəyə yararsız məhsulların dövriyyədən çıxarılması ilə bağlı tədbirlər görür:

"Bunlardan birincisi, sahibkar özü aşkar etdiyi hallarla bağlı AQTA-ya rəsmi müraciət edir. Bunun əsasında da protokollaşdırma aparılır və həmin məhsullar poliqonda məhv edilir. 
İkincisi isə odur ki, Agentliyin apardığı yoxlama-nəzarət tədbirləri zamanı vaxtı keçmiş və istifadəyə yararsız məhsul aşkar edilərsə, dərhal muvafiq işlər görülür ki, buna inzibati cəzalar da daxildir. 

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinin (İstehlakçıların hüquqlarının pozulması) və 447.0.2-ci (saxlama müddəti ötmüş məhsulların satılmasına;) və 447.0.5-ci (standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə) bəndlərinə əsasən, laboratoriya müayinəsi mənfi çıxan məhsulların dövriyyəsinə görə vəzifəli şəxslər 1500-2000 manat məbləğində cərimə olunurlar".

Qurum sonra istehlakçılara müraciət edib:

"Onlar satış şəbəkəsində istifadə müddəti bitmiş qida məhsulları və ya məhsulların keyfiyyəti ilə bağlı hər hansı uyğunsuzluq müəyyən etdikdə Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər".

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO