“Hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Yay mövsümündə Azərbaycana daha çox hansı ölkələrdən turist GƏLİR? – ARAŞDIRMA
Onun sözlərinə görə bu ilin birinci yarısında turistlərin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı hotellərdə gecələyiblər.
Bütövlükdə isə, ölkə üzrə hotellərdə gecələmələrin ümumi sayı 32,7 faiz artaraq 1 363,2 minə çatıb:
“Turistlər üzrə isə gecələmələrin sayı 56,5 faiz artaraq 788,1 min olub. Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır.
Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır.
Keyfiyyət isə hələ də standartlardan geri qalır. Nəticədə, bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur. Bu isə o deməkdir ki, bölgələrin turizm imkanlarının reinteqrasiyası üçün işlər sürətləndirilməlidir”.
Deputat qeyd edib ki, bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır:
“Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz”.
Alçina Amilqızı, Bizim.Media