Son zamanlar çoxumuzun adını ilk dəfə eşitdiyimiz arıqlama çaylarının reklamı ilə tez-tez rastlaşırıq. Sosial şəbəkə üzərindən aktiv reklam edilən belə çayları alan insanlar isə xeyrindən çox ziyanını gördüklərini deyirlər.
Araşdırmalara görə, bu çaylar xərçəng hüceyrələrini oyadır, beyin hüceyrələrinə və mədəyə ziyan vurur, yaddaş problemləri yaradır. Detoks çayının içilməsi 1 saat sonra əsəb sisteminə mənfi təsir edir, aqressivlik və asılılıq əmələ gətirir.
Marketinq dəyərlərini insanların sağlamlığından üstün tutan bəzi şirkətlər isə məhsulun satışından sonrakı mərhələni, demək olar ki, heç düşünmürlər.
Bu yaxınlarda belə şirkətlərdən biri olan “Herbalife”dan arıqlama çayı alıb əvəzində artıq çəki alaraq sağlamlığına zərər dəyən Vüsalə Osmanova da şikayət edərək, sözügedən çayların nə qədər təhlükəli olduğunu qeyd edib.
Sosial şəbəkə və yaxud da səyyar şəkildə satılan belə çayların təhlükəli olduğu bəzən qablaşmasından da məlum olur. Yəni onlarin üzərində qeyri-real göstəricilər və AQTA-nın yoxlama nişanına rast gəlinməməyi ehtiyatlı olmağı tələb etsə də, bəziləri buna əhəmiyyət vermir.
Bəs, ümumiyyətlə, dietik çayların keyfiyyətinə nəzarət edilirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu cür vasitələrdən yalnız həkim məsləhəti ilə istifadə oluna bilər:
“İstənilən insana zərərli olan şey mövcuddur. Qida maddələrindən su istisna olmaqla hamıya xeyirli olan bir şey yoxdur. Əgər birşey istənilən adama xeyir edirsə, deməli o zərərli birşeydir. Hər bir adama eyni bir şeyi tövsiyə edən şəxs isə həkim ola bilməz”.
Ekspert hesab edir ki, AQTA dietik çaylarla ciddi məşğul olmalıdır:
“Belə çayları içənlər guya arıqlamalı olsa da, əslində isə sağlamlığını itirmiş olur. Məlum oldu ki, bəzi çayların satışına heç AQTA icazə verməyib. Belə çaylara insanlar birmənalı şəkildə inanmasınlar.
Hazırda Qida Təhlükəsizliyi Agentliyi malların etiketi ilə tərkibinin uyğunluğunu araşdırır. Məhsulun üzərindəki informasiya aldadıcı olmamalıdır”.
Mövzu ilə bağlı AQTA-ya sorğu ünvanladıq. Qurumdan məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra məlumat veriləcəyi bildirildi.
Mövzunu diqqətdə saxlayacağıq.
Röyanə Oğuz, Bizim.Media