İyulun 25-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində 2023-cü ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, tədbirdən öncə Baş Prokurorluğun Kollegiya üzvləri müstəqil və müzəffər dövlətimizin qurucusu, Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edib.
Həmçinin, iştirakçılar tərəfindən Kollegiya iclasının başlanğıcında Ümummilli lideri Heydər Əliyevin, “I Qarabağ” və “44 günlük Vətən” müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilib, müharibədə yaralanan hərbiçilərimizə şəfa arzu edilib.
Giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının və dövlətinin taleyində müstəsna xidmətləri ilə əbədilik qazanan, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, dövlət və məhkəmə-hüquq sisteminin quruculuğu və inkişafındakı rolu, hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edərək hər bir azərbaycanlının, vətəndaşımızın Heydər Əliyev ruhunu fəxr və hörmətlə andığını bildirib.
Çıxış zamanı Ümummilli lider Heydər Əliyev irsinin layiqli davamçısı və siyasi kursunun varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət, sosialyönümlü iqtisadiyyat və yüksək rifah cəmiyyəti konsepsiyasının inamla reallaşdırılması nəticəsində Azərbaycanın regional siyasi və iqtisadi gücə çevrildiyi qeyd edilib.
Vurğulanıb ki, beynəlxalq müstəvidə hökm sürən bir tərəfli, məqsədyönlü təzyiqləri siyasi iradə və bacarığı ilə nümayişkaranə şəkildə dəf etmiş və topraqlarımızı 30 illik istiladan azad etməklə, dünya hərb tarixinə ölkəmizin adını şanlı hərflərə həkk etdirmiş müzəffər Ali Baş komandanın rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə əbədi azadlığına qovuşmuş əzəli torpaqlarımızda analoqu olmayan quruculuq işləri uğurla davam etdirilir.
Əlavə edilib ki, Müzəffər Ali Baş Komandanın iştirakı ilə «Böyük Qayıdış» proqramının birinci mərhələsində yenidən qurulması nəzərdə tutulmuş 100 yaşayış məntəqəsindən 30-nun - 8 şəhər, 22 qəsəbə və kəndin təməli qoyulub.
Təkcə Laçın şəhərində cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və Laçına həyat qayıdıb.
Baş prokuror diqqətə çatdırıb ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman əsgər və zabitlərimizin ailələri, döyüşlər zamanı yaralanan hərbiçilər, eləcə də müharibə iştirakçıları Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna diqqət və qayğısı ilə əhatə olunur, onların sosial problemlərinin aradan qaldırılması, yaşayış rifahlarının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Dünya siyasətində Azərbaycanın ədalətli və sadiq siyasi, habelə iqtisadi tərəfdaş olaraq tanınmaqla etibar qazandığını qeyd edən Baş prokuror vurğulayıb ki, BMT-dən sonra ən çox say tərkibinə malik siyasi təşkilat olan Qoşulmama Hərəkatının 2019-cu ildən etibarən keçirilmiş 4 iclasına və müstəsna hal olaraq bu il keçirilən iclasına Azərbaycan Prezidentinin sədrlik etməsi cənab Prezidentimizin apardığı uğurlu xarici siyasətin təzahürüdür.
Kollegiya iclasında dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə cari ilin birinci yarımilində ölkəmizin xarici siyasətdə əldə edilmiş uğurlarla yanaşı, ölkə daxili nailiyyətlərlə zəngin gin olduğu, bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə edilməklə ümumi daxili məhsulun, qeyri-neft iqtisadiyyatının və sənaye istehsalının yüksəldiyi, valyuta ehtiyatlarımızın artdığı diqqətə çatdırılıb.
Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində 19.533 cinayət qeydə alınmaqla onların 88,3 faizinin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 9946 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 674-ü prokurorluq orqanlarında istintaq edilmişdir.
Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 452, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 8184 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 151 milyon 424 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,2 faizinin, yəni 60 milyon 860 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 43 milyon 136 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,4 faizinin, yəni 17 milyon 407 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur.
Xüsusi qeyd edilib ki, prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik cənab Prezidentin 7 may 2021-ci il tarixli Fərmanında öz əksini tapmış “Elektron prokurorluq” informasiya sistemi artıq prokurorluq orqanlarının tam istifadəsinə verilmişdir və hazırda sistemin təkmilləşdirilməsi və digər informasiya sistemlərinə inteqrasiya istiqamətində işlər intensivliklə davam etdirilir.
Hesabat dövründə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizənin ötən dövrlərdə olduğu kimi davam etdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələri aşkar edilməklə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi bildirilib.
Qeyd olunub ki, cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol vermiş 218 şəxs barəsində 144 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, 3 milyon 996 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 3 milyon 578 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.
Bundan əlavə, hesabat dövründə aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 118 təqdimat verilib.
Həmin təqdimatlar üzrə 2 şəxs vəzifədən azad olunub, 2 halda vəzifəli şəxslərə xəbərdarlıq edilib, 5 işçiyə töhmət və ya şiddətli töhmət verilib, 22 halda isə təqdimat əmək kollektivinin iştirakı ilə geniş müzakirə olunaraq təqdimatda göstərilmiş qanun pozuntularının aradan qaldırılması, qanunvericiliyin tələblərinə ciddi əməl olunması, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə müvafiq əməkdaşlara göstəriş verilib.
2023-ci ilin birinci yarımili ərzində Baş İdarədə fəaliyyət göstərən 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin 20-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 28 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 85 cinayət işi başlanıb.
Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 42 şəxs barəsində 24 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilmiş, bunlardan 10 şəxs barəsində 10 iş qəsdən adam öldürmə faktları ilə bağlı olubdur.
Kollegiya iclasında daxili işlər, dövlət təhlükəsizliyi orqanları və penitensiar xidmət ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə hesabat dövründə onlardan 1-i üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.
Həmçinin, daxili işlər orqanları ilə birlikdə qurulmuş səmərəli əməkdaşlıq və koordinasiyalı fəaliyyət nəticəsində hesabat dövründə qeyri-aşkar şəraitdə baş vermiş qəsdən adam öldürmə cinayətlərinin isti izlərlə açılması, habelə digər ağır və xüsusilə ağır cinayətlər üzrə istintaqın peşəkarlıqla və keyfiyyətlə aparılması təmin edilib.
2023-ci ilin birinci yarımilində Respublika Hərbi Prokurorluğu tərəfindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və digər qurumlarla birlikdə zəruri tədbirlərin görüldüyü qeyd edilib.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə uğurlu göstəricilər əldə olunduğu, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarətin gücləndirildiyi, vətəndaşların müraciətlərinə baxılmasının diqqətdə saxlanıldığı bildirilib.
Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 310 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.
2023-cü ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 733 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Kollegiya iclasında qeyd edilib ki, ötən yarımildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 16-na töhmət və ya şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 1 nəfərə irad tutulub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.
Hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin yerinə yetirildiyi, eləcə də prokurorluq orqanlarının vakant vəzifələrinin obyektiv meyarlarla və şəffaf prosedurlar əsasında gənc hüquqşünaslarla komplektləşdirilməsinin davam etdirildiyi diqqətə çatdırılıb.
Kollegiya iclasında xüsusi müsadirə, aktivlərin bərpası sahəsində görülmüş işlər vurğulanmaqla, bu sahədə beynəlxalq təcrübənin yaxından öyrənilməsi üçün zəruri tədbirlərin görüldüyü bildirilmişdir.
Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 12 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.
Vurğulanıb ki, 2023-cü ilin birinci yarımilində də vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılmış, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində nöqsanların aradan qaldırılması, şəhid ailələri və müharibə iştirakçılarının müraciətlərinə xüsusi həssaslıqla yanaşılması, informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunması, əməkdaşların peşə hazırlığının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Hesabat dövründə Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq işçilərinin və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının peşə hazırlığının artırılması üçün təlimlərin keçirildiyi, bir sıra tədris-metodiki vəsaitlərin hazırlandığı, habelə ölkəmizin hüquq ictimaiyyəti, aparıcı elm və təhsil müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilməklə geniş müzakirələr və faydalı fikir mübadiləsinin aparıldığı bildirilib.
Kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.
Xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Daha sonra Sumqayıt şəhər, Laçın, Qazax rayon və Qubadlı hərbi prokurorları hesabat dövründə görülmüş işlərlə bağlı, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi isə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi barədə məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəyinə əminliyini ifadə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:13 / 25.07.2023
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib - FOTO
Hazırda oxunan: Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib - FOTO
Hazırda oxunan: Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib - FOTO
147942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.