Adı var, özü yox... - Turistlərin axın etdiyi Şəki parkları niyə NƏZARƏTSİZ QALIB? – FOTO 

Adı var, özü yox... - Turistlərin axın etdiyi Şəki parkları niyə NƏZARƏTSİZ QALIB? – FOTO 

Hazırda oxunan: Adı var, özü yox... - Turistlərin axın etdiyi Şəki parkları niyə NƏZARƏTSİZ QALIB? – FOTO 

147868

Ölkəmizin ən böyük şəhərlərdən biri Şəkidir. Burada 80 min əhali yaşayır. Hələ üstəgəl ilin bütün fəsillərində şəhər qonaqlı-qaralı olur. 

Bəs hər zaman tarix-mədəniyyət abidələri ilə öyündüyümüz bu şəhərin parklarında, istirahət məkanlarında vəziyyət necədir?  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkidə park dedikdə, fəvvarələrin çox zaman işləmədiyi, oturacaqları qırıq-salxaq, səliqə-sahmansız,  xüsusən yaşıllıq zolaqları olmayan, ağacları budanaraq bərbad vəziyyətə salınan məkanlar yada düşür. 


Bu şəhərdə 80 min əhali yaşayır. Rayon əhalisinin sayı isə 190 min nəfərə yaxındır. Unutmayaq ki, Şəki qədimdən regional mərkəz olub.

Turizm sektorunda tarixi abidələri ilə öndə gedən bu şəhərdə ilin bütün fəsilərində qonaqlar olur, xüsusən də yaz-yay fəsillərində. Şəkidən başqa yerlərə gedənlər, xarici ölkələrdə yaşayanlar, may-sentyabr aylarını Şəkidə keçirməyə üstünlük verənlər az deyil. 

Bəs bu qədim şəhərin yerli sakinləri, dünyanın müxtəlif ölkələrindən gələn turistlərin istirahəti üçün hansı şərait yaradılıb? 

Gəlin virtual da olsa şəhərə səyahət edək, park və xiyabanları gəzək. Bəri başdan deyək ki, uşaqların əylənəcəyi, böyüklərin dincələcəyi parkların əksəriyyəti çayxanalar tərəfindən istismar edilib.


Hazırda insanların əksəriyyətinin üz tutduğu yeganə park Mirzə Fətəli Axundov adına parkdır. İllər əvvəl bu park salınanda bəlkə də ölkəmizin ən böyük istirahət məkanlarından biri idi. Lakin zaman-zaman sağını-solunu qayçılayıb, kimələrsə onu öz əmlakına çevirə bildi. 

Hər iki tərəfi əsas magistrala çıxışı olan bu parkda bank, restoran, mağaza və dükanlar inşa elədi. Hələ buranın ərazisini dayanacağa, ticarət mərkəzinə çevirənlər də var. Bax beləcə böyük mütəfəkkirin adını daşıyan park indi olduqca cılız və səhmansızdır.

Bu parkda köhnə, digərlərinə nisbətən işlək vəziyyətdə olan atraksionlar fəaliyyət göstərir. Məhz bu səbəbdən bayram günlərində bu parkda hədsiz insan sıxlığı yaşanır. 


Şəhərdəki parkların yaşıllığna gəldikdə isə bu da başqa bir problemə çevrilib. İnsanların kölgəsinə yığışdığı hündür ağacların anormal şəkildə budanmasından sonra parklarda çox az sayda yaşıllıq ərazi qalıb. 

Şəhər sakini Yalçın Yusifov Axundov parkı ilə bağlı danışarkən bunları deyib: 

“Yaşıllıq üçün su lazımdır. Axundov adına parkda əl yumağa belə su yoxdur. Parklara su pulsuz verilməlidir. Hər il 5-10 ağac quruyur. Ağacları kəsmək qəti qadağandır. Amma susuzluqdan qurutmaq da olmaz. Şəhərin mərkəzində, rayon və Respublika eləcə də beynəlxalq tədbirlərin təşkil edildiyi Bəxtiyar Vahabzadə parkı minlərin-milyonların gözü qarşısında “qayçı”lanıb. 


Burada bir neçə çayxana mövcuddur. Parkın tam ortasında restorana yol açıblar desək inanmayacaqsız. Hər kəs öz ərazisini müxtəlif üsulla, məsələn yaşıllıq zolağı ilə ayırıb. İndi bu parkın mərkəzində təkcə böyük şair Bəxtiyar Vahabzadənin postamenti ucalır. Arxa tərəfindəki fəvvarənin sonuncu dəfə nə zaman işlədiyini isə nə şəhər , nə də bələdiyyə rəhbərliyi bilir”. 

Şəhər sakini Yafet Məmmədov də sözügedən vəziyyətdən şikayətlənib:

“Digər park və xiyabanları başa düşdük. Onlar mərkəzdən bir qədər aralıda yerləşir. Şəhərin mərkəzində yerləşən Bəxtiyar Vahabzadə parkında sahibsiz itlərin əlindən gəzmək, istirahət etmək olmur. Niyə buna bir əncam çəkilmir? Problem isə günbəgün böyüyür”.


Şəkililərin digər tarixi istirahət mərkəzlərindən biri də Məhəmməd Füzuli parkıdır. Bəri başdan deyək ki, burada da vəziyyət ürəkaçan deyil, digərləri ilə eynilik təşkil edir. Parkın girişində Məhəmməd Füzulinin büstünün olduğu yer isə illərdir boş qalıb. Postamentə əl gəzdirilsə də büstdən nə xəbər, nə də yerini bilən var. 

Şəki şəhər kommunal təsərrüfat istehsalat birliyinin baş mühəndisi Nüsrət Mürsəlov məsələ ilə əlaqədar bildirib ki, şəhərin aşağı hissəsində, yeni salınmış olimpiya məhəlləsində 3 hektar yeni park ərazisinin salınması planlaşdırılır. 
Bəs, mövcud olanları kim qoruyacaq, mühafizə edəcək? 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO