Günvurmadan qorunmaq üçün nələrə diqqət etməliyik? – Həkimdən VACİB XƏBƏRDARLIQ

Günvurmadan qorunmaq üçün nələrə diqqət etməliyik? – Həkimdən VACİB XƏBƏRDARLIQ

Hazırda oxunan: Günvurmadan qorunmaq üçün nələrə diqqət etməliyik? – Həkimdən VACİB XƏBƏRDARLIQ

145627

İsti yay günləri il boyu itirdiyimiz enerjinin bərpası üçün əla fürsətdir. Lakin, qızmar günəş altında çox olmağın da bir sıra fəsadları olur. Təsadüfi deyil ki, iyulun 9-da Abşeron yarımadasında müşahidə olunan anomal isti nəticəsində xeyli insanın həyatına təhlükə yaranıb. Nəticədə 30-a yaxın paytaxt sakini təcili yardıma müraciət etmək məcburiyyətində qalıb.

Bəs, isti yay günlərindən necə faydalanmaq və istinin fəsadlarından necə qorunmaq olar?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan terapevt Xəyyam İsmayılov bildirib ki, günün ən qızmar vaxtlarında çölə çıxmamaq tövsiyyə olunur:
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyindən günvurma ilə bağlı MÜRACİƏT 


“Gündüz saat 12-17 arasında açıq havada çox gəzmək və hətta dənizə girmək olmaz. Qızmar günəş şüasının təsiri ilə beyin damarları genişlənir, qan dövranı pozulur. Bu zaman şiddətli baş ağrısı, halsızlıq, ürək bulanma kimi simptomlar hiss olunur.

Bəzi insanlar açıq havada işləməyə məcburdurlar. Bu zaman onlar hökmən həsir şlyapalardan və yüngül kepkalardan istifadə edilməlidir. Daha çox maye qəbul edilməlidir. Susamadığınız halda belə belə su içmək də lazımdır. Boyun, baş, qol altı nəm saxlanmalıdır”.

Terapevt onu da vurğulayıb ki, qızmar istilərdə özümüzə və ətrafdakılarımıza çox diqqətli olmalıyıq:

“Çünki günvurmadan zərər çəkənlərə vaxtında yardım göstərilməyəndə ciddi fəsadlar olur. Günvurmanın üç – yüngül, orta və ağır dərəcəsi var. Yüngül dərəcədə baş ağrısı, ümumi halsızlıq, ürək bulanma, orta dərəcədə bundan əvvəlki əlamətlərin şiddətlənməsi müşahidə olunur. Hətta burun qanaxmasına rast gəlinir.

Zərərçəkənə vaxtında yardım göstərilmədikdə proses ağırlaşır. Ağır dərəcədə huşun müxtəlif pozulmaları, qıcolmalar, bədən hərarətinin çox yüksək olması qeydə alınır. Tənəffüs çatışmazlığı, ürək fəaliyyətinin pozulması, hətta ürək fəaliyyətinin dayanması da ola bilir”.

Xəyyam İsmayılov günvurma zamanı ilkin yardımın nədən ibarət olduğuna da aydınlıq gətirib: 

“İlk növbədə zərərçəkəni sərin yerə çəkmək lazımdır. İsti paltar geyinibsə, onu çıxartmaq, baş və qoltuq altına soyuq kompres qoymaq lazımdır. Təzyiq düşübsə, ayaqlar hündürə qaldırılmalı, qusma varsa, baş yana çevrilməlidir. Risk qrupuna aid şəxslər isə dərhal xəstəxanaya çatdırılmalıdır. 
Zərərçəkənin huşu özündədirsə su vermək məsləhətdir. Əks halda su vermək olmaz. Günvurma zamanı orqanizmdə duz balansı pozulduğundan duzlu su verilməsi tövsiyə olunur. 5 yaşa qədər uşaqların saat 11.00-16.00 arası günəşli havada çöldə olması məqsədəuyğun deyil”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO