Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla general-mayor İlqar Məmmədov “İgidliyə görə” medalı ilə mükafatlandırılıb.
Bizim.Media prezidentin təltif etdiyi general-mayor İlqar Məmmədov haqqında bəzi məlumatları təqdim edir:
İlqar Məmmədov 7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olub. 1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. 1991-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət edib.
MÖVZU İLƏ BAĞLI:
Hərbi qulluqçular təltif edildi - Siyahıda kimlər var?
1992-2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini – qərargah rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.
Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general-mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunub.
Ailəlidir. İki övladı var.
Bizim.Media