Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binada yaşayış ola-ola özəl şirkətlərdən biri söküntü işləri aparır.
Bizim.Media xəbər verir ki, sakinlər iddia edirlər ki, tanımadıqları şəxslər onları binadan zorla çıxarmağa çalışır.
Binada yaşayan sakinlər sökülən mənzillərin qarşılığında onlara heç bir kompensasiyanın təqdim olunmadığını və sənəd üzərində hər hansı bir razılaşmanın edilmədiyini bildirirlər:
"Bəzi mənzillər məhkəmə qərarı ilə toxunulmaz elan edilsə də, buna məhəl qoyan yoxdur."
Evindən didərgin düşən sakinlərin problemini işıqlandırmağa gedən çəkiliş qrupu da təzyiqə məruz qalıb. Özünü "İnvest Construction MMC" şirkətinin əməkdaşı kimi təqdim edən şəxs media nümayəndələrini ərazidən çıxmağı tələb edib.
Sakinlərin ərazidən çıxmadığını görən şirkət əməkdaşı onlara qarşı zor tətbiq etməyə çalışıb.
Ərazidə söküntü işləri aparan "İnvest Construction MMC" şirkəti binanın qəzalı vəziyyətdə olduğu üçün söküldüyünü və sakinlərə mənzillərinin qarşılığında bazar qiymətinə uyğun ödəniş ediləcəyini bildirib.
Məsələyə Nəsimi rayon İcra Hakimiyyəti münasibət bildirməyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media