Son illərdə ölkəmizdə pubların sayı getdikcə artmaqdadır. Xüsusilə paytaxtın mərkəzində, demək olar ki, hər küçədə bir pub fəaliyyət göstərir və bu say getdikcə artır. Eyni zamanda bu obyektlərin sosial şəbəkələrdə də reklamı aparılır.
Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, publara üz tutanlar içərisində yetkinlik yaşına çatmış şəxslərlə yanaşı, yeniyetmələrə də rast gəlinir. Qanunvericiliyə əsasən, 18 yaşına çatmamış şəxslərə spirtli içkilərin satışı qadağandır.
Digər tərəfdən, bu cür obyektlərdə vaxt keçirmək yeniyetmələrin formalaşmasına da mənfi mənada ciddi təsir göstərir.
Bəs, bu cür xoşagəlməz halların qarşısını almaq üçün nə etməli?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Bizim.Media ilə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, belə məkanlar zərərli vərdişlərin təbliğinə və xoşagəlməz hadisələrin baş verməsinə imkan yaradır:
MÖVZU İLƏ BAĞLI:
“Pub”da quldurluq edən şəxslər saxlanıldı – FOTO/VİDEO
“Publar, ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün yeni bir hadisədir. Əvvəl çay evləri, çayxanalar vardı. Amma publar daha çox Avropadan Azərbaycan cəmiyyətinə daxil olub. Pubların fəaliyyətinə bir çox ölkələrdə vaxt limiti qoyulur və bəzilərində isə qadağan edirlər. Bunun səbəbləri isə alkoqollu içkilərin təsiri altında baş verən insidentlər, müxtəlif cinayət hadisələridir.
Azərbaycanda da publarla bağlı oxşar hadisələrə rast gəlirik. Ən qorxulusu da odur ki, Azərbaycanda 18 yaşına kimi olan uşaq və yeniyetmələrin publara axını başlayıb. Bilirik ki, uşaqların formalaşmasında ətraf mühit amili böyük rol oynayır. Bu tipli məkanlar da uşaqların formalaşmasına təsir göstərir.
Bəzən də orta məktəb şagirdləri məktəbdən yayınaraq, kütləvi şəkildə belə məkanlara üz tuturlar. Burda da şübhəsiz ki, uşaqların zərərli vərdişlərə aludə olması, zərərli informasiyalarla qarşılaşması qaçılmazdır”.
Bu tip halların qarşısını almaq üçün müvafiq qanunvericilik aktlarının olduğunu deyən sosialoq qeyd edir ki, aidiyyəti qurumlar publara nəzarəti gücləndirməlidir:
“Əfsuslar olsun ki, bununla bağlı monitorinqlər çox zəif aparılır. Yaxşı olar ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi, hüquq mühafizə orqanları mütəmadi olaraq belə məkanlarda olsunlar, ora üz tutanların yaş həddi ilə maraqlansınlar. Belə məkanlara nəzarət gücləndirilməlidirlər.
Pubların harda yerləşməsi də ciddi nəzarət altında olmalıdır. Bilirik ki, məktəb ətrafında belə məkanların olması qeyri-məqbul sayılır. Bu qurumlarla yanaşı müvafiq icra hakimiyyətləri və qeyri-hökumət təşkilatları da bu işə qoşulmalıdır ki, bu məkanlarda Azərbaycanın gələcəyi sayılan yeniyetmələrin məhv olmasının qarşısını alınsın. Belə məkanlarda tütün məmulatlarının istifadəsi üçün də şərait yaradılır.
Hesab edirəm ki, bununla bağlı cəmiyyət olaraq, müvafiq qurumlarla müştərək şəkildə nəzarəti gücləndirməliyik.
Yaxşı olar ki, kütləvi informasiya vasitələri onlarla maraqlansın və bu məsələdə müvafiq qurumlar monitorinqlər aparsın. Hətta ailələr də uşaqlar üzərində nəzarəti gücləndirməlidirlər. Valideynlər bilməlidirlər ki, uşaqları hara gedir. Həmçinin natamam ailədən olan uşaqlar var ki, onlara da həm ailə, həm də aidiyyəti qurumlar nəzarəti gücləndirməlidir ki, uşaqların bu tip məkanlara gedişinin qarşısı alınsın.
Bu kimi hallara məktəb nəzarət edə bilməz, çünki məktəbdənkənar, tətil vaxtları olur. Burda ailə, cəmiyyət, dövlətin qurumları, mətbuat mütləq şəkildə bu məsələyə hər daim həssas yanaşmalıdır”.
Üzeyir Şəfiyevin sözlərinə görə, pub kimi əyləncə məkanlarının sosial şəbəkələrdə reklamına da nəzarət olunmalıdır:
“Publar ölkəmizə daxil olduqdan sonra ora böyük bir axın olur. Çünki sosial şəbəkələrdə açıq şəkildə reklam olunur. Bu da şübhəsiz ki, uşaqların diqqətini cəlb edir. Hesab edirəm ki, belə məkanların reklamı ilə məşğul olan KİV-lər də hüquqi şəkildə məsuliyyətə cəlb edilməlidir. Güman edirəm ki, bu istiqamətdə “sosial media haqqında” qanuna ehtiyac var. Necə ki, qardaş Türkiyə, Almaniyada sosial media haqqında qanunlar var, Azərbaycan da belə bir qanunun qəbuluna ehtiyac var”.
Mövzu ilə bağlı DİN-in mətbuat xidmətindən bildirilib ki, yetkinlik yaşına çatmayanların publara axını kütləvi xarakter daşımır:
"DİN-in müvafiq baş idarə, idarə, şöbə və bölmələrinin əməkdaşları tərəfindən bütün növ ictimai iaşə obyektlərində mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər keçirilir.
Təkcə ötən il 2800-dən artıq tədbir keçirilib ki, burada da əsas məqsəd neqativ halların, aşkarlanan hüquq pozuntularının qarşısının alınmasıdır.
Məlumdur ki, etil spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılması qanunla inzibati xəta tərkibi yaradır. İnzibati Xətalar Məcəlləsinin 455-ci (etil (yeyinti) spirti, alkoqollu və energetik içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) maddəsinə əsasən 2022-ci il ərzində 816, 2023-cü ildə isə 635 şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Bütün ölkə üzrə polis əməkdaşları tərəfindən bu istiqamətdə də nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Vətəndaşlardan xahiş edirik ki, rastlaşdıqları neqativ hallara etinasız yanaşmasınlar, gələcəyimiz olan yeniyetmələrin zərərli vərdişlərdən uzaq olmasına köməkliklərini əsirgəməsinlər".
Röyanə Oğuz, Bizim.Media