Qurban bayramına 2 həftədən də az vaxt qalıb. İnsanları isə hər il olduğu kimi bu il də “heyvan qiymətlərinin dəyişəcəkmi?” sualı maraqlandırır.
Bu mövzu həm heyvan alveri ilə məşğul olanların, həm də qurban kəsmək istəyənlərin diqqət mərkəzindədir. Əvvəlki illərin təcrübəsi onu deməyə əsas verir ki, fürsətdən istifadə edən bəzi işbazlar Qurban bayramı ərəfəsində qiymətləri hədsiz baha təklif edirlər.
Bəs, builki Qurban bayramında heyvan qiymətləri necə dəyişəcək?
Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı bildirib ki, qiymət hələki stabil olaraq qalsa da, bayram günlərində ətin qiymətində bahalaşma gözlənilir:
MÖVZU İLƏ BAĞLI:
Qarabağda Qurban bayramına hazırlıq prosesinə başlandı - RƏSMİ
“Bizi qurban bayramından cəmi 2 həftə ayırır. Qurban bayramı nəinki Azərbaycanda, bütün müsəlman ölkələrində keçirilən ən önəmli 2 bayramdan biridir. Azsaylı günlər qalmasına baxmayaraq hələki ətin qiymətində sabitlik müşahidə olunur.
Artım isə hələlik gözlənilmir. Bu həm də mövsümlə əlaqədardır. Artıq kənd təsərrüfatı məhsulları müəyyən qədər ucuzlaşıb. Həm də hava istidi. Bu səbəbdən ətə təlabat kifayət qədər azalıb.
Təlabat azaldığına görə də ətin qiyməti hələki sabitdir. Amma Qurban bayramı günləri ətə təlabat qısa müddətə olsa da artacaq. Bu zaman da 2 gün müddətinə ətin qiyməti bahalaşacaq”.
Ekspertin sözlərinə görə Qurban bayramı ərəfəsində qiymət artımı diri heyvan bazarında müşahidə olunacaq, qəssabxanalarda isə ucuzlaşma baş verəcəyi gözlənilir.
“Bahalaşma əsasən diri heyvan bazarında müşahidə olunacaq. Məsələn, qəssabxanalarda bu günlərdə o qədər də ciddi bahalaşma hiss olunmayacaq. Bu dönəmdə hətta qəssabxanalarda ucuzlaşmanın olacağı gözləniləndir.
Bu il Qurban bayramında əvvəlki illər kimi bahalaşma müşahidə olunmayacaq. Çünki bayram elə bir vaxta düşür ki, bu ərəfədə ətə təlabat minimum həddədir. Ona görə də bahalaşma ancaq diri heyvan bazarında müşahidə olunacaq”.
Röyanə Oğuz, Bizim.Media