Bakının “Papanin” məhəlləsi niyə SÖKÜLMÜR? – Sakinlərlə İcra hakimiyyəti ÜZ-ÜZƏ – FOTO 

Bakının “Papanin” məhəlləsi niyə SÖKÜLMÜR? – Sakinlərlə İcra hakimiyyəti ÜZ-ÜZƏ – FOTO 

Hazırda oxunan: Bakının “Papanin” məhəlləsi niyə SÖKÜLMÜR? – Sakinlərlə İcra hakimiyyəti ÜZ-ÜZƏ – FOTO 

140428

Paytaxtın Nəsimi rayonunda yerləşən, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Novruzov qardaşları, Maqsud Əlizadə və Həsən Əliyev küçələrini əhatə edən, “Papanin” kimi tanınan ərazidə həyət evlərinin söküntüsü hələki başa çatmayıb. 

Söküntü işləri əsasən həyət evləri üzərində aparılsa da, prosesdə durğunluq var. Hələ sovetlər dönəmində salınmış, bir-birinin içərisində yerləşən daxmalardan ibarət yaşayış məskəninin minlərlə sakini köçürüləcəkləri günü səbirsizliklə gözləyir.

Bununla bağlı Bizim.Media-ya həmin ərazidə yaşayan sakinlər müraciət edib. Dediklərinə görə, Cəlil Məmmədquluzadə küçəsində yol kənarında yeni yaşayış binaları tikilsə də, arxa tərəfdə çox bərbad mənzərə canlanır. Bir-birinin içərisində yerləşən daxma və dağıdılmış evlərin görüntüsü üstü bəzək, altı isə... atalar misalını xatırladır. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda mənzil qiymətləri sürətlə bahalaşır – ƏSAS SƏBƏBLƏR  


Qəzalı evlərdə təhlükə altında yaşayan sakinlər Nəsimi Rayon İcra Hakimiyyətinin bu məsələni yubatdıqlarını iddia ediblər:

“Bu ərazidə yeni metro çəkilir. Yol kənarında yeni hündür binalar tikilib. Həmin yaşayış binalarından birbaşa evlərimizin içi görünür. İcra hakimiyyəti bu ərazini görmür? Niyə sakinləri razı salıb köçürmürlər?”, - deyə gileyləniblər. 

Sakinlər onlara verilən kompensasiyanın miqdarına da etiraz ediblər. Dediklərinə görə aralarında eləsi var ki, təkcə mənzil yox, həm də plana salınan ərazidə obyekt sahibidir. Amma buna rəğmən onlara müvafiq qaydada təzminat ödənilmir.

Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil - Kommunal İstismar Sahəsindən Bizim.Media-ya bildirilib ki, “Pilot-16” şirkəti sözügedən ərazidə söküntü işləri aparır:

“Demək olar ki, söküntü hissəsinin böyük əksəriyyəti aparılıb. Hissə-hissə vətəndaşlarla razılaşdırılır və sökülür. Proses iki ildir davam edir. Az miqdarda evlər qalıb. Amma bu işlərin bizə hər hansı aidiyyəti yoxdur. Şirkət vətəndaşlarla özü danışır və razılaşdırılır”.
Qeyd edək ki, sakinlərin evlərinin sökülməsi və köçürülməsi danışıqlarında Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak edir.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə saytımıza doğru-dürüst açıqlama verilməyib. Qurumla çətinliklə əlaqə yaratsaq da, icra hakimiyyətinin Təsərrüfat şöbəsindən başqa bir ərazi haqda məlumat verilib.  

Adı çəkilən “Pilot-16” MMC -yə gəlincə, bu, Nəsimi rayonunda “pilot layihə”lərin icrası zamanı yaradılan şirkətlərdən biridir. Şirkət qısa bir zamanda yaradılsa da Nəsimi rayonunda milyonlarla dəyəri olan “pilot layihə”lərin icrasına başlayıb. Nizamnamə kapitalı 100 manat olan bu şirkətin qanuni təmsilçisi kimi Hüseynli Məhyəddin Qafar oğlu göstərilir.




Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO