Millət vəkili Tahir Kərmlinin küçə itləri ilə bağlı açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Ötən gün Milli Məclisin plenar iclasında çıxış edən deputat sahibsiz itlərin Koreya və Çinə satılmasını təklif edib. O, qeyd edib ki, hər yer sahibsiz küçə itləri ilə doludur:
“İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”- deyə Tahir Kərimlinin bu çıxışı heyvansevərləri də özündən çıxarıb.
Hətta heyvanların hüquqlarını müdafiə edən təşkilat rəhbərləri deputatın, eləcə də parlamentin bu çıxışa görə üzr istəməsini tələb ediblər.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Fazil Mustafa da həmkarının sözügedən çıxışının məntiqsiz olduğunu bildirib. O, qeyd edib ki, parlamentdə hər kəs öz sözünə görə məsuliyyət daşıyır:
MÖVZU İLƏ BAĞLI:
"Küçə itlərini yığın, Koreyaya, Çinə satın" - Tahir Kərimli
“Bu məsələ əlbəttə ki, müxtəlif vaxtlarda diqqətə çatdırıla bilər. Küçə itləri ilə bağlı narahatlıq doğuran məsələlər dilə gətirilir. Amma bunun Çinə, yaxud da Koreyaya göndərilməsinin məntiqini anlamaq mümkün deyil. Çünki orada küçə itlərinin ətini yemək və ya qida məhsulu kimi istifadə edilməsi məsələsi yoxdur.
Bəli, bu çıxış bir az qəribə gəlir. Həmkarımızın bunu nə məqsədlə söylədiyini deyə bilmərəm. Amma bu da bir səfehlikdir ki, parlament və ya parlament üzvü üzr istəməlidir.
Parlamentdə hər kəs öz sözünə görə məsuliyyət daşıyır və bir nəfərin çıxışı hamını bağlamır. Ona görə də belə bir iddianın özü də gülünc doğurur. Fikir səslənir, kimsə bunu qəbul etmirsə, etirazını bildirə bilər”.
Deputat əlavə edib ki, əslində bu cür məsələlər qanunvericilikdə çox rahat şəkildə tənzimlənə biləcək məsələlərdir. Sadəcə olaraq funksiyaları müvafiq qurumlar yerinə yetirmədiklərinə görə problem həllini tapmır.
Alçina Amilqızı, Bizim.Media