Dədə Şəmşir sənətinin vüsəti...

Dədə Şəmşir sənətinin vüsəti...

Hazırda oxunan: Dədə Şəmşir sənətinin vüsəti...

138566
AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin qələmə aldığı  “Dədə Şəmşir sənətinin vüsəti”x9d yazısını təqdim edirik:


Ölkəmiz müstəqillik qazandıqdan sonrakı dövrdə cəmiyyətimizdə sürətlə milliləşmə prosesi getməyə başlamışdır. Xalqın milli özünüdərki, özünəqayıdışı əksər sahələrdə qabarıq hiss olunmaqdadır. Bu sahələrdən biri də aşıq sənətidir. Saza-sözə xüsusi önəm verildiyi çağdaş dövrümüzdə ulu ozanlarımızdan tutmuş müasir aşıqlarımıza qədər hər bir sənətkarın təbliği, yada salınması, yubileylərinin, yaradıcılıq gecələrinin keçirilməsi, haqqında mətbuatda yazıların çap edilməsi, kitablarının nəşr olunması, fikrimizcə, bütövlükdə Azərbaycan mədəniyyətinə və incəsənətinə xidmətdir. Bu əhəmiyyətli ənənə daim davam etdirilməlidir.  



Dədə Qorquddan üzü bu yana ulu ozanlarımızdan Dirili Qurbani, Miskin Abdal, Xəstə Qasım, Şıx Alı, Dədə Ələsgər və adlarını çəkmədiyimiz onlarla, bəlkə də yüzlərlə digər haqq vergili, fitri istedad sahibi olan ustad aşıqlar cərgəsində Aşıq Şəmşirin də özünəməxsus yeri, dəst-xətti var. Aşıq Şəmşirin yaradıcılığının əsas, mükəmməl dövrü XX əsrin ikinci yarısına düşsə də, onu da tam olaraq klassik sənətkarlarımızdan biri adlandırmaq olar. Yaradıcılığının çoxşaxəliyi, şeirlərinin yüksək poetikası və mükəmməlliyi Aşıq Şəmşirə bu haqqı qazandırmışdır. Yaratdığı dərin mənalı ustadnamələr, cəlbedici təcnislər, xüsusilə də lirik qoşma, gəraylı və müxəmməslər ustada ölməzlik qazandıraraq xalqın ürəyində, yaddaşında əbədilik yaşayacaqdır. Çünki Aşıq Şəmşir ulularından yadigar qalan bu müqəddəs sənəti ləyaqətlə davam və inkişaf etdirməklə XX əsr aşıq sənətində özünəməxsus yeni bir məktəb yaratmışdır. Və Aşıq Şəmşirin sağlığında yaşayıb-yaratmış, hazırda fəaliyyət göstərən neçə-neçə yetirməsi, davamçısının olması bu məktəbin uzunömürlüyünü bir daha nümayiş etdirir. Nə idi Dədə Şəmşiri, eləcə də XX əsrin digər görkəmli ustad aşıqlarını, məsələn, XIX əsrin aşıqlarından fərqləndirən? Burada bir neçə cəhəti diqqət mərkəzinə çəkmək lazımdır. Əvvəla, XX əsrin əsasən ikinci yarısının ustad aşıqları, o cümlədən Dədə Şəmşir ali təhsil almasalar da, yazıb-oxumağı bacarırdılar, mütaliə edirdilər. Şeirlərini yazıya alaraq sistemli şəkildə toplayırdılar. Hətta kitabları da nəşr olunurdu. Digər tərəfdən isə, XIX əsrin aşıqları xalqın həyatına, XX əsrin xüsusən ikinci yarısının aşıqları isə cəmiyyət həyatına çox güclü nüfuz eləyə bilirdilər. Cəmiyyətdə stalinizm dövrü başa çatdıqdan sonra aşıqlar da öz sözlərini müəyyən qədər açıq demək, ictimai-siyasi proseslərə, hadisələrə müdaxilə edib onları öz yaradıcılıqlarında xeyli sərbəst şəkildə işıqlandırmaq imkanları qazanmışdılar. Aşıq Şəmşirin də şeirlərində ötən əsrin ikinci yarısında baş verən əksər ictimai-siyasi, tarixi proseslərə, hadisələrə ayıq-sayıq münasibət vardır. Bu, təkcə təsvir, tərənnüm deyil, həmçinin müəllifin öz mövqeyinin də ifadəsidir ki, bu da onu XX əsrin birinci yarısının aşıqlarından fərqləndirən cəhətdir.   


Aşıq yaradıcılığında, aşıqlıq sənətində XX əsrin ikinci yarısında baş verən əsaslı dönüş mərhələsi, ən əlamətdar cəhətlərdən biri isə odur ki, bu dövrdə artıq aşıq yaradıcılığı, aşıq ədəbiyyatı ilə yazılı ədəbiyyatın sıx əlaqələri yaranmağa başlamışdı. Bunun ən bariz nümunələrindən biri Aşıq Şəmşirlə xalq şairi Səməd Vurğunun görüşməsi və onların məşhur deyişməsidir. Həmin görüşü xüsusi qiymətləndirmək lazımdır. Çünki bu, aşıq sənətinin tarixində nadir hadisələrdəndir və çox böyük əhəmiyyət kəsb edir. Demək, XX əsrin 50-ci illərində artıq Azərbaycan yazılı poeziyası ilə aşıq ədəbiyyatımız qaynayıb-qovuşur. Səməd Vurğunun şeirlərinin aşıqlar tərəfindən ifa olunması, Aşıq Şəmşirin kitablarının işıq üzü görməsi, onun görkəmli şairlərlə görüşməsi, şeirləşməsi, şeirlərinin mətbuatda vaxtaşırı dərc edilməsi həmin qovuşmanın, yaxınlaşmanın, doğmalaşmanın, qaynayıb-qarışmanın bariz göstəricisidir. Ustad aşığın Səməd Vurğunla görüşünü şərtləndirən səbəblərdən biri də onun şeirlərindəki poetika, bədii mükəmməllik idi ki, necə deyərlər, böyük sənətkarı sorağa salmışdı. Aşıq Şəmşir şeirlərinin forma, məzmun və bədii mükəmməlliyinin əsas səbəbi müəllifin haqq vergisi, fitri istedadı ilə yanaşı, eyni zamanda güclü mütaliəsi, savadı, zəkası, yazılı ədəbiyyatımıza yaxından bələdliyi idi. Ötən əsrin ikinci yarısının aşıqları, o cümlədən Dədə Şəmşir yazılı ədəbiyyatı, böyük şairlərin şeirlərini oxuyur, öz ustadları ilə yanaşı yazılı ədəbiyyatın klassik və çağdaş nümayəndələrindən də çox şeylər öyrənirdilər. Odur ki, Aşıq Şəmşirin hər hansı bir qoşmasını, gəraylısını imzasını bilmədən götürüb oxusaq, həmin şeirlərin Osman Sarıvəllinin, İslam Səfərlinin, Hüseyn Arifin, yaxud hər hansı digər bir tanınmış şairin ola biləcəyini asanlıqla ehtimal etmək mümkündür. Yəni Aşıq Şəmşir şeiri ideya-bədii cəhətdən o qədər mükəmməldir, yazılı poeziyaya o səviyyədə yaxındır ki, onun şeirlərini böyük ədəbiyyatın klassik nümunələri ilə yanaşı qoymaq mümkündür. Elə bu səbəbdən də Səməd Vurğun kimi dünya şöhrətli bir xalq şairi Dədə Şəmşirin şeirlərini bəyənmiş, yüksək qiymətləndirərək Kəlbəcər dağlarına ”“ “İstisu”x9dya gedərkən onu soraqlamışdı. Və beləliklə, xalq şairi ilə ustad aşığın möhtəşəm görüşü dastanlaşaraq dillərə düşmüşdür. Aşıq Şəmşirlə Səməd Vurğunun deyişmələri, şeirləşməsi, o dağlarda, yaylaqlarda birgə keçirdikləri sazlı-sözlü məclislərin təəssüratları sözün həqiqi mənasında mükəmməl və bitkin bir dastandır. Burada klassik dastançılıq ənənələri qorunub saxlanılır. Məlum olduğu kimi, dastan nəsrlə şeirin növbələşməsi ilə müşayiət olunur. Bu görüşdə də eyni prosesi müşahidə etmək mümkündür. Aşıq Şəmşirlə Səməd Vurğunun söhbətləri, səmimi dərdləşmələri, bir-birini qiymətləndirmələri nəsrlə şeirin növbələşməsi ilə davam edir. Doğrudur, xalq şairi Səməd Vurğunun Aşıq Şəmşirlə deyişməsinin nəsr hissəsi yazıya alınmamışdır. Lakin bu hadisə, böyük sənətkarların görüşü yaxın dövr tariximizin hadisəsi olduğu üçün dillərə düşmüş, aşıqlar tərəfindən qoşulub düzülmüş, yaddaşlarda yaşadılmışdır. Kitablarda Səməd Vurğunla Aşıq Şəmşirin deyişməsinin yalnız şeirləşmə, nəzm hissəsinin verilməsinə baxmayaraq, aşıq məclislərində bu deyişmə həmin tarixi görüşün təfərrüatları ilə birlikdə təqdim olunur. Beləliklə, hər aşıq ona öz əlavəsini edib, daha da zənginləşdirir. Bu tarixi görüş nəsildən-nəslə keçərək yaddaşlarda o qədər möhkəmlənmişdir ki, deyişmə-dastanın nəsr hissəsi yazılmasa da, hər kəs tərəfindən aydın şəkildə təsəvvür olunur. Fikrimcə, bu hal ədəbiyyat tariximizdə özünəməxsus hadisə adlandırılmağa layiqdir. Təəssüf ki, Səməd Vurğun-Dədə Şəmşir dastanı uzun dövr ərzində bütöv halda yazıya köçürülüb nəşr olunmamışdır. Burada çatışmayan cəhət nədir? Sadəcə, həmin hadisələri, söhbətləri, baş verən əhvalatları, deyişmələri, böyük sənətkarların bir-birinə ünvanladıqları şeirləri, aralarındakı son dərəcə səmimi ünsiyyətin bütün təfərrüatlarını pərakəndə xatirələrdən toplayaraq sistemləşdirmək, qoşub-düzərək janrın tələblərinə uyğunlaşdırmaq lazımdır. Bu işi kim görsə, ədəbiyyatımız, mədəniyyətimiz, folklorumuz, hətta tariximiz, xüsusən də ədəbiyyat tariximiz üçün olduqca əhəmiyyətli bir xidmət göstərmiş olacaqdır. Çünki həmin dastanda çox vacib məqamlar ortaya çıxır. Belə ki, hər iki qüdrətli sənətkarın görüşlərində baş verən əhvalatlardan, aralarındakı söhbətlərdən və şeirləşmələrdən həmin illərin ab-havası ilə bağlı xeyli informasiya almaq mümkündür. Məsələn, Səməd Vurğun ustad aşığa müraciətlə deyir ki:  

Hay vurub, qıy vurub səs sal dağlara, 
Gözəllər oylağı göy yaylaqlara.  
Mənim də dərdimi de oylaqlara,  
Sinəmdən oxladı bir maral məni.

Yəni burada o qədər səmimiyyət var, doğmalıq var, mehr-ülfət var ki, şair heç kəsə, heç bir dostuna, tanışına, hətta dağa-daşa deyə bilmədiyi dərdini, könlünün ən gizli duyğularını Dədə Şəmşirə deyir, onunla bölüşür. Burada, bir növ, zəmanədən, taledən şikayət elementləri var, narazılıq çalarları da açıq-aşkar duyulur. Həqiqətən də Səməd Vurğunla Aşıq Şəmşirin görüşünün baş verdiyi dövrdə görkəmli şairə qarşı müəyyən təzyiqlər mövcud idi.
Bu görüşün baş tutduğu 1955-ci illər ərəfəsində artıq Səməd Vurğun haqqında mətbuatda bəzi tənqidi qeydlər də gözə dəyməkdə idi. Deyişmələrdəki şikayət notlarından görünür ki, həmin vaxta təsadüf edən görüşü zamanı böyük sənətkar həyatının çətinliklərini Aşıq Şəmşirlə bölüşmüşdür. Bundan başqa, məlum olduğu kimi, Səməd Vurğunun həyatının bu dövrünün görünməyən ağrıları daha çox yaşadığı cəmiyyətin dərinliklərindən gəlirdi. Ona görə də Səməd Vurğun”“Aşıq Şəmşir deyişmələrində zamanla bağlı çətinliklərin ifadəsi öz əksini tapmışdır. Sənətkar və dövran münasibətlərini bu deyişmədən açıq-örtülü şəkildə görmək mümkündür. Zamana, dövrana, çərxi-fələyə münasibət dastan üçün də səciyyəvidir. Bu mənada Səməd Vurğun”“dövran münasibətləri deyişmədə az yer tutsa, örtülü şəkilldə ifadə olunsa da, həm xalq şairinin tərcümeyi-halı, həm də dastan yaradıcılığı baxımından özünəməxsus əhəmiyyətə malikdir.
Eyni zamanda, Səməd Vurğun”“Aşıq Şəmşir deyişməsində şikayətnamə elementləri ilə yanaşı, tərifnamə əlamətləri də vardır. “Hay vurub, qıy vurub səs sal dağlara”x9d misrası Aşıq Şəmşir səsinin şaqraqlığına, onun sənətinin qüdrətinə işarədir, yaxşı mənada tərifnamədir. Bu da Səməd Vurğunun son dərəcə böyük sənətkar, böyük istedada malik geniş ürəkli bir sənətkar olduğundan xəbər verir.
Aşıq Şəmşirə ən yüksək, ən obyektiv, layiq olduğu qiyməti ilk olaraq verən məhz xalq şairi Səməd Vurğun olmuşdur. Və bu qiymət həmin möhtəşəm tarixi görüşdən sonra zaman-zaman özünü layiqincə doğruldaraq ümumən cəmiyyətin fikrinə, mövqeyinə çevrilə bilmişdir. Bu da, eyni zamanda, Səməd Vurğun uzaqgörənliyinin, böyüklüyünün, şairin geniş dünyagörüşünün ifadəsi idi.
Yaxud Dədə Şəmşirin xalq şairi Səməd Vurğuna müraciətlə söylədiyi aşağıdakı misralarda da el sənətkarının böyük şairə verdiyi qiymət öz əksini tapmışdır:  

Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.

Bu da Aşıq Şəmşir böyüklüyünün bariz göstəricilərindəndir. Ustad aşıq eirin, ədəbiyyatın, sənətin, sənətkarlığın nə olduğunu gözəl bilirdi və Səməd Vurğunun ədəbiyyatdakı mövqeyini, yerinin aydın şəkildə təsəvvür edirdi. Demək, Dədə Şəmşir sadəcə sıradan bir aşıq olmayıb, eyni zamanda müasiri olan şairlərə bənzəyən şeirləri, Səməd Vurğun kimi bir sənətkara obyektiv qiymət vermək bacarığı ilə həm də yazılı ədəbiyyatın nümayəndəsi sayıla bilər. Dədə Şəmşirin böyük şairə verdiyi yüksək qiymət öz obyektivliyi ilə yanaşı, daha yaddaqalan və daha ümumiləmiş bir münasibəti ifadə edir. Ustad aşığın xalq şairinə həsr etdiyi şeirlərdə Səməd Vurğun dühası daha parlaq və hərtərəfli səviyyədə diqqətə çatdırılmışdır. Dədə Şəmşirin xalq şairi Səməd Vurğun haqqındakı fikirləri bütövlükdə xalqın böyük sənətkara bəslədiyi ümumxalq məhəbbətini dolğun şəkildə ifadə edir. Bu da onu göstərir ki, Aşıq Şəmşir istedadla yanaşı, həm də ictimai təfəkkürü olan görkəmli bir sənətkardır. Bu cür qüdrətli sənətkarlar xalqın, millətin yaddaşında və qəlbində əbədi yaşamaq haqqına malikdirlər.

ƏDƏBİYYAT:
Cəmilə Çiçək (İsbəndiyarova). Səməd Vurğun”“Aşıq Şəmşir dastanı (müqəddimə). Bakı. Yazıçı, 2014, 208 s.
P.S: Artıq “Aşıq Şəmşir”“Səməd Vurğun dastanı”x9d yaranmış və çap olunmuşdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO