600 nəfərə bişirilən hədiyin MARAQLI TARİXÇƏSİ – Yaşadılan ƏNƏNƏ - FOTO/VİDEO

600 nəfərə bişirilən hədiyin MARAQLI TARİXÇƏSİ – Yaşadılan ƏNƏNƏ - FOTO/VİDEO

Hazırda oxunan: 600 nəfərə bişirilən hədiyin MARAQLI TARİXÇƏSİ – Yaşadılan ƏNƏNƏ - FOTO/VİDEO

138240

Ölkəmizdə yaşayan avarların gözəl bir adəti var. Yaz aylarında, eləcə də yayın gəlişi, məhsul yığımı yaxınlaşanda hədik qonaqlığı vermək avar millətindən olan Azərbaycan vətəndaşlarının ən qədim adətlərindəndir.

Bu adəti ölkənin şimal-qərb bölgəsində yaşayan avarlar hələ də yaşadırlar. Virtual olaraq yolumuz Zaqatala rayonunun Qəbizdərə kəndinə - Vassalovlar ailəsinədir. 

Bizim.Media-ya bu bələdçilliyi isə Zaqatala rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Samirə Hümbətova edir.

Samirə xanımın vasitəsilə hədiyin hazırlanma qaydası ilə tanış olacağıq.

Onun sözlərinə görə, mərhum dayısı İbrahimin evində növbəti dəfə bu ilin hədik qonaqlığı süfrəsi açılıb. Ev sahibəsi Ümüküs Vassalovanın rəhbərliyi ilə ailənin 4 gəlini, 1 qızı və qonşular 600 nəfərə yaxın adam üçün hədik bişirib, böyük süfrə açıblar.

Hədik yeməyi Vassalovların həyətində az qala kiçik toy məclisində bişirilən kimi, çox böyük həvəslə hazırlanıb. Azərbaycanın bir çox bölgələrində əsasən hədiyi yeni diş çıxaran uşağın adınıa bişirildiyini görüb eşitsək də, Zaqatalada avarlar yaşayan kəndlərdə hədik yazın, yayın gəlişi zamanı, məhsul bolluğu, Allah rizası üçün hazırlanır. 

Hədikdə bir qazan üçün 4 kq buğda, bir kq lobya, bir kq ağ qarğıdalı, bir kq düyü, yarım kq soğan istifadə edilir və hazır olandan sonra üzərinə yağ, duz, qara istiot və digər ədviyyatlar əlavə edilir.

Onun sözlərinə görə, hədiyə həm də ən əsası ailənin əvvəldən qış üçün qurudub saxladığı qaxac ət də tökülür. Ümüküs Vassalova əvvəldən 30 kq quru əti məhz hədik üçün saxlayıb və bu hədik qonaqlığında 30 kq qurudulmuş ətin hamısı istifafə edilib.

Qonaqlar üçün 10 qazan hədik hazırlanıb.

Samirə Hümbətova məlumat verdi ki, buğda, qarğıdalı, lobya əvvəldən suda isladılır və hər biri ayrıca qazanda qaynadılır. Bir gün sonra bişirilən qidalar ümumi tiyana tökülür və bir yerdə yenə qaynadılır, qazanlara çəkilir və qonaqlar gəldikcə süfrəyə verilir.

Hədik qonaqlığı gün ərzində davam edir və dəvətlilərlə yanaşı, eşidib bilənlər də hədik qonaqlığına gəlirlər. Hədik qonaqlığına camaat arasında hədik ehsanı da deyilir.

Hədik qonaqlığında süfrəyə təkcə hədik qoyulmur, avarların daha bir məşhur yeməyi olan maxara da bişirilir və qonaqlara təqdim edilir.

Maxara un, yağ, süddən hazırlanır və ocaqda sac üstündə bişirilir. Sacın üstündə bişirilərkən cacın üzərinə quyruq yağı çəkilir və bu maxaraya xüsusi dad verir.

Zaqatalanın Qəbizdə kəndində hədik qonaqlığında dəvətlilər arasında şəhid ailələri də olub.

Vətən Müharibəsi şəhidi Abakar Hacıyevin qayınanası Fatimət Bullayeva bu adətin avar xalqının uzun illərdir yaşatdığını deyir. Bu kənddə Ümüküs Vassalova da qız-gəlinləri ilə birgə hər il hədik qonaqlığı verir.

Tolerantlığın daima hökm sürdüyü Azərbaycanın Zaqatala rayonunda avarların bu milli yeməyindən dadmağa və tanımağa dəyər. Yolu bu kəndlərə düşənlərə mütləq maxara və hədik də bişiriləcək. Bu həm millilik, həm də adət-ənənəni yaşatmaq baxımından çox maraqlıdır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 


 

 
















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO