"Buta Airways" İstanbula bilet satışına başlayır

Hazırda oxunan: "Buta Airways" İstanbula bilet satışına başlayır

13726

Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Bakıdan Türkiyənin daha bir şəhərinə - İstanbula yerinə yetiriləcək xüsusi reyslərə aviabilet satışına başlayır. 

Bizim.Media xəbər verir ki, bu barədə aviaşirkətin saytında məlumat yer alıb.

Məlumata görə, martın 18-dən etibarən aviaşirkət Bakı-İstanbul-Bakı marşrutu üzrə aviaəlaqəni bərpa edir.

 

MÖVZU İLƏ BAĞLI:

AZAL ləğv edilmiş reyslərlə bağlı məlumat yaydı


Uçuşlar Sabiha Gökçen (IATA: SAW) hava limanına həyata keçiriləcək. 

Aviaşirkət tərəfindən Türkiyənin ən böyük şəhərinə xüsusi reyslər həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super".

Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir.

"Super" tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.

Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Əl yükü qismində təyyarə salonuna yalnız qadın çantası, kişi portfeli, portativ kompyuter çantası (təyinatı üzrə istifadə edilməsi şərtilə) və uşaq qidası götürülə bilər. Digər növ əl yükünün, o cümlədən Duty Free mağazalarından alınan əşyaların salona götürülməsi qadağandır.

Bakı-İstanbul-Bakı marşrutu üzrə reysə biletləri (“Super” və “Standart” tarifləri üzrə) aviaşirkətin rəsmi saytında, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO