Tanınmış təhsil eksperti Elçin Əfəndinin Facebook səhifəsindəki paylaşımı sosial medianın trendinə çevrilib və bir çox ölkə vətəndaşı buna münasibət bildirib.
Paylaşımda Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında COVİD-19-la bağlı mübarizəyə cəlb olunmuş həkim və tibbi personalın əmək haqlarının verilmədiyi deyilir.
Mövzunun aktuallığını nəzərə alaraq, bu xəbərin izinə düşmək qərarına gəldik və ekspertə şikayət məktubu göndərən, bu məsələnin ictimailəşməsini istəyən həkimlərin kimliyini araşdırdıq.
MÖVZU İLƏ BAĞLI:
Modul Tipli Hospitalın işçilərinin əməkhaqqı niyə verilmir? - FHN-dən açıqlama - VİDEO
İlk əlaqəni tibb bacısı Səbinə Paşayeva ilə yaratdıq.
O, saytımıza açıqlamasında faktı təsdiq edərək bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında bir çox haqsızlıqlar var:
“Bizə geyimlər verilmirdi, məcburən öz uniformalarımızda çalışırdıq. Bu xəstəxanada çox oyunlardan çıxırdılar. Xüsusi geyimlərimizin olmaması bizim üçün çox təhlükəli idi.
Dekabr ayında bizim maaşlar aşağı salındı. Müqavilədə yazılan maaşları ala bilmədik. Tibb bacıları üçün əmək haqqı 1500 manat yazılmışdı, 1200 manata endirdilər.
Tək mənim yox, hamının maaşı aşağı salındı. Axırıncı dəfə də biz keçən ilin 25 dekabr tarixində maaş almışıq. Dekabr ayından isə 5 günümüzü kəsiblər. Yanvar ayının 23-də bizə məlumat verdilər ki, işdən azad olunursunuz. Tək mən yox, 600 nəfərə yaxın işçini oradan çıxardılar.
Müqaviləmizin bitməyinə iki gün qalmış dedilər ki, işdən azad olunacaqsınız. Hesab edirəm ki, işdən azad olunmağımızla bağlı bizə əvvəlcədən məlumat verməli idilər. Bizə ərizələrimizi təkid və məcburi şəkildə yazdırdılar”.
Sözügedən xəstəxanada xəstə baxıcısı olan Mehparə İmanova da yuxarıda adı çəkilən aqibətlə üzləşdiyini dedi:
“Mənim də 1102 manat əmək haqqım 700 manata endirildi. Müqavilə ilə bizim 8 saatlıq iş rejimimiz və 1 saat nahar fasiləmiz olmalı idi, lakin istirahətsiz və fasiləsiz işləyirdik. Yanvar ayının 25-də əmək haqqı almalıydıq, lakin bir aydan çoxdur ki, ödənişlərimizi ala bilmirik”.
Tibbi Ərazi Bölmələri İdarə Birliyindən Bizim.Media-ya söylədilər ki, koronaviruslu xəstələri müalicə edən həkimlərin maaşlarının verilməsinə Fövqaladə Hallar Nazirliyi cavabdehdir.
Çünki modul tipli xəstəxana FHN-in nəzarətindədir.
Fövqaladə Hallar Nazirliyindən isə bildirdilər ki, büdcə məsələlərinə görə maaşlar gecikir, daha ətraflı məlumatı sorğunuza cavab olaraq bildiriləcək.
Gülşanə Mustafayeva, Bizim.Media