Şabranda quduzluq xəstəliyi NECƏ YARANIB? – RƏSMİ AÇIQLAMA - FOTO

Şabranda quduzluq xəstəliyi NECƏ YARANIB? – RƏSMİ AÇIQLAMA - FOTO

Hazırda oxunan: Şabranda quduzluq xəstəliyi NECƏ YARANIB? – RƏSMİ AÇIQLAMA - FOTO

136604

"Şabranın Qorğan kəndində quduzluq xəstəliyi şübhəsi ilə bağlı bütün məsələlər diqqət mərkəzindədir və Gigiyena və Epidemiologiya Mərkəzi olaraq məsələni xüsusi nəzarətə götürmüşük". 

Bunu Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asif Nəsibov Bizim.Media-ya açıqlamasında deyib. 

O, kənddə heyvanlar arasında ilk quduzluq xəstəliyinin baş verməsindən, eyni zamanda, bu dövrə qədər baş verən analoji hadisələrdən danışıb. 

Mərkəz direktoru qeyd edib ki, Qorğan kəndində sakin Ənvər Piriyevin şəxsi təsərrüfatına yırtıcılar aprelin 20-dən 21-ə keçən gecə hücum edib. 

Çaqqalların basqını zamanı xırdabuynuzlu mal-qaradan 3-ü ölüb, bir neçəsi yaralanıb. Ev sahibi, oğlanları Xəyyam və Çoşqun Piriyevlər səhərisi gün - Ramazan bayramı günü, aprelin 21-də həmin 3 yaralı heyvanı kəsib yaxınlarına qonaqlıq verib. Təsərrüfat sahibi yaralı heyvanın ətindən mal-qaranı qoruyan itə də verib. Bu hadisədən sonra kənddə quduzluq ola biləcəyinin fərqinə heç kim varmayıb, o vaxta qədər ki, may ayının 10-da digər yaralı qoyunlardan 3-ü də qəfil ölüb. 

Bundan sonra təsərrüfatın sahibi Baytarlıq İdarəsinə müraciət edib və may ayının 12-də ölmüş qoyundan götürülmüş analiz heyvanın quduz olmasını müəyyən edib. Həmin heyvanlar baytarlıq əməkdaşları tərəfindən yandırılaraq basdırılıb.
Bu hadisədən sonra heyvanların ətindən yemiş adamlar qorxuya düşüb və kəndə quduzluq olması ilə bağlı səs-küy yaranıb. 

Mayın 16-da həmin insanlar kütləvi şəkildə Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada 9 nəfərə quduzluq əleyhinə vaksin vurulub. 

A.Nəsibov ötən gün Baytarlıq İdarəsinin rəisi ilə birgə Qorğan kəndində olduqlarını deyərək, vəziyyətin hazırda stabil olduğunu bildirib. 

Şabran Rayon Baytarlıq İdarəsinin rəisi Nizaməddin Əliyev hadisə nəticəsində təsərrüfat sahibinin 11 baş qoyununun tələf olduğunu deyib. 

O bildirib ki, yaralı heyvanın əti verilən it də quduzluğa qarşı vaksin edilib. Ölmüş heyvanların hamısı yandırılaraq basdırılıb. Vəziyyət bütün qurumların birgə nəzarəti altındadır. 



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO