Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib.
Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, həmçinin mayın 14-də:
- əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
- aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
- eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçirilib.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.
Ümumilikdə imtahanların idarə olunmasına 56 ümumi imtahan rəhbəri, 179 imtahan rəhbəri, 1340 nəzarətçi-müəllim, 157 buraxılış rejimi əməkdaşı və 56 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 14 min 328 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahanlarda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.
Mayın 15-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Bizim.Media