Vətəndaşlara XƏBƏRDARLIQ – “Mənzilini sığorta etməyən şəxslər cərimələnəcək”

Vətəndaşlara XƏBƏRDARLIQ – “Mənzilini sığorta etməyən şəxslər cərimələnəcək”

Hazırda oxunan: Vətəndaşlara XƏBƏRDARLIQ – “Mənzilini sığorta etməyən şəxslər cərimələnəcək”

135265

Son günlər Azərbaycanda daşınmaz əmlakın icbari sığortası məsələsi yenidən gündəmə gətirilib.Bəs bu məsələnin əsas mahiyyəti nədir? İcbari sığorta qanunla necə tənzimlənəcək?
Qanunlar nə deyir?

Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

AR Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, AR Mülki Məcəlləsinə və AR Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilib. Eyni zamanda, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

"Vətəndaş öz əmlakını sığortalamağa məcburdur"

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, vətəndaşların əmlakının icbari sığortası barədə qanunvericilik 2021-ci ildə qəbul olunub. 
2018-ci ildə isə bununla bağlı prezident İlham Əliyev tərəfindən fərman imzalandığını söyləyən

Xalid Kərimli qeyd edib ki, bu qanunvericilik əmlakın icbari sığortalanmasını özündə ehtiva edir: 

"Yəni, vətəndaş öz əmlakını sığortalamağa məcburdur. Bu da onu göstərir ki, mənzilini sığorta etməyən şəxslər cərimələnəcək. İcbari sığortanın məbləği Bakı şəhəri üçün 50 manat, digər şəhərlər üçün 40 manat, rayonlar üçünsə 30 manatdır. Bakı şəhəri üzrə 50 manat ödəyən mənzil sahibi 200 manat məbləğində Franşiza olunur. Yəni, daşınmaz əmlaka hər hansı bir səbəbdən dəyən zərərin məbləği 250 manata qədərdirsə, sığorta şirkəti tərəfindən azad olunur. Əgər dəyən zərər bu məbləğdən yüksəkdirsə, ödənilir".  

"Vaxtında sığorta etməyən şəxslər cərimə olunacaq"

Daşınmaz əmlakını vaxtında sığorta etməyən şəxslər üçün cərimələrin də nəzərdə tutulduğunu deyən ekspertin sözlərinə görə, bu zaman vətəndaş 30 manat məbləğində cərimə olunur: 

"Əgər bundan sonra 20 gün müddətində sığorta olunmasa, yenidən 30 manat cərimə olunur. Bu proses hər 20 gündən bir yenilənə bilər". 

Müsahibimiz, qanunvericilikdə daşınmaz əmlakın icbari sığortalanmasından sonra elektronlaşdırılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb:

"Bundan sonra vətəndaşlar sığortanı elektron şəkildə həyata keçirəcəklər. Belə ki, onlar "kupça" ilə qeydiyyatdan keçərək  əmlaklarını sigorta edəcəklər".

"Vətəndaşlar maarifləndirilməlidir"

Ekspert, hələ də bu sahədə ciddi problemlərin olduğunu diqqətə çatdırıb:

"Daşınmaz əmlakını vaxtında sığorta etməyən şəxsləri cərimələrlə qorxutmaq rahatdır. Amma əsas məsələ odur ki, bu sahədə maarifləndirmə aparmaq və icbari sığortanın mənzil sahiblərinə verəcəyi faydaları izah etmək lazımdır. Hansı sığorta hadisəsi zamanı mənzilin təmir edilməsi və 25 min manata qədər sığorta məbləğinin ödənilməsi kimi məsələlər ətraflı açıqlanmalıdır. Bu işlərlə sığorta şirkətləri məşğul olmalıdır. 

Əgər bu işlər vaxtında və düzgün təşkil edilərsə, icbari sığorta və cərimələnmə prosesləri düzgün aparılarsa, baş verən hadisədən dərhal sonra düzgün qiymətləndirilmə aparılarsa və sığortalanma dəqiq həyata kecirilərsə, vətəndaşlar da bu məsələyə ciddi yanaşacaqlar".

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO