Mart ayında sərt karantin rejimi bərpa olunur? – Rəsmilərdən CAVAB

Mart ayında sərt karantin rejimi bərpa olunur? – Rəsmilərdən CAVAB

Hazırda oxunan: Mart ayında sərt karantin rejimi bərpa olunur? – Rəsmilərdən CAVAB

13430

Dünya hələ də 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus pandemiyası ilə mübarizədə aciz qalıb. Dünyanın 50 ölkəsində koronavirusa qarşı vaksinasiya prosesinə başlansa da, yoluxma zəncirini qırmaq mümkün olmur. 

Azərbaycan da peyvənd prosesinə qatılan ölkələr sırasındadır. İlin əvvəlindən ölkənin epidemioloji durumunda qismən sabitlik müşahidə olunur.

Yoluxma və ölüm sayında xeyli azalmalar var. Buna rəğmən sosial mediada mart ayının sonundan sərt karantin rejiminin və tədbirlərinin başlanacağı söyləntiləri var. Fəaliyyətinə və bərpasına icazə verilən bir çox iaşə obyektlərinin yenidən qapanacağı bildirilir.  

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Bizim.Media-ya açıqlamasında qarşıdakı vaxtlarda karantin tədbirləri ilə bağlı hansı qərarların veriləcəyindən xəbərsiz olduğunu deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda yayılan qrip koronavirusa yoluxmanı artıracaq” - İNFEKSİONİST 


Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Elnarə Baxışın sözlərinə görə karantin rejiminin sərtləşəcəyi və ya qapanmaların olacağı barədə qərarı yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah verə bilər:

“Ölkənin epidemioloji durumunu isə Səhiyyə Nazirliyi və ya baş epidemioloq qiymətləndirmə edə bilər”. 

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı sorğumuza cavab olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın işinə müdaxilə etmək istəmədiyini bildirib:
 

“Mənim hansısa fikir bildirməyim doğru olmaz. Karantin rejiminin sərtləşdirilməsi və ya qapanmaların olacağı barədə qərarları Operativ Qərargah verir.


Əlbəttə ki, son vaxtlar yoluxma və ölüm sayında azalma müşahidə olunur. Amma istənilən halda epidemioloji durumu analiz edən biri kimi karantin tədbirləri ilə bağlı qərarları yalnız Operativ Qərargah verə bilər”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hazırki epidemioloji duruma görə sərt karantin tədbirlərinə və qapanmalara gedilməsinə ehtiyac olmadığını deyib:

“Amma durumu proqnozlaşdırmaq mümkün olmur. Karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac yaranarsa, bu, həyata keçirilə bilər. Bu da epidemioloji vəziyyətin pisləşməsi ilə bağlı ola bilər.
 

Əlbəttə ki, Britaniya ştammının Avropa yayılması müəyyən təhlükələr yaradır. Amma Azərbaycandakı hazırki epidemioloji durum karantin qaydalarının sərtləşməsinə ehtiyac yaratmır. Növbəti situasiyaya uyğun vəziyyəti dəyərləndirmək olar”,- deyə həkim əlavə edib.


Məlumat üçün bildirək ki, dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 114 milyon 689 min 260 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 2 milyon 543 min 310 nəfərdir. İndiyədək 90 milyon 244 min 137 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 384 956 nəfər koronavirusa yoluxub, 8230 nəfər isə dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 255 344 nəfər virusa yoluxub, 525 776 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 112 241 yoluxma qeydə alınıb. Onlardan 157 195 nəfəri vəfat edib.
 

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 551 259 nəfərdə virus aşkar edilib. Xəstələrdən 255 018 nəfəri həyatını itirib.


Dördüncü yerdə qərarlaşan Rusiyada 4 246 079 yoluxma, 86 122 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 176 554 nəfər virusa yoluxub ki, onlardan 122 849-u ölüb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO