Xaçmazın məşhur pomidor sortları niyə yoxa çıxıb? – İLGİNC SƏBƏBLƏR - FOTO 

Xaçmazın məşhur pomidor sortları niyə yoxa çıxıb? – İLGİNC SƏBƏBLƏR - FOTO 

Hazırda oxunan: Xaçmazın məşhur pomidor sortları niyə yoxa çıxıb? – İLGİNC SƏBƏBLƏR - FOTO 

132663

Hər şeydə gözəllik axtarmağımız gündəlik qəbul etdiyimiz qidalarda da özünü göstərir. Meyvənin, tərəvəzin ən gözəl görünənini istəyirik. Bazara girəndə uzaqdan qırmızı parıltısı ilə diqqət çəkən pomidoru almağa daha çox adət etmişik. Bütün meyvə və tərəvəzlər belədir, alanda gözümüzə daha yaxşı görünəni seçirik. 

Respublikamızda, xüsusən Şimal bölgəsində Xaçmaz pomidoru həmişə məşhur olub. Həm dadı, həm də keyfiyyəti, çoxumuzun ağız dadında qalıb. Təkcə ölkədə deyil, hətta Rusiya bazarlarında da Xaçmaz pomidoru bəh-bəhlə qarşılanıb. Təəssüf ki, indi Xaçmaz pomidorunun yalnız adı qalıb. İndi Xaçmazın məşhur pomidor sortları əkinçilərin gündəmindən çıxıb. Bir sözlə keçmiş sortlar keçmişdə qalıb. 

Səbəb isə alıclıların keçmiş sortlara deyil yeni sort pomidorlara meyilli olmasıdır. Fermerlər bildirirlər ki, dədə-baba sort pomidorlar rentabelli sayılmır. 

Bəzi fermerlər isə ümumiyyətlə pomidor əkməkdən imtina etdiklərini bildirirlər. 

Xaçmazın Qaraçay-Cek kənd sakini Cəfər Həsənov bildirir ki, keçən il 40 sot sahədə pomidor əkib, 5 ay ərzində 2000 manatadək xərc çəkib, cəmi 1000 manat qazanc götürüb. Fermerin sözlərinə görə, çəkdiyi zəhmət və xərc 1000 manata dəymir. Buna görə pomidor əkməkdən imtina edib. 

Cəfər Həsənov onu da bildirir ki, Xaçmazın məşhur pomidor sortlarını əkmək istəsən belə onu tapmaq olduqca çətindir:

“Yerli fermerlər indi əsasən "Lajen", "Soltan" kimi Hollandiyadan gətirilən pomidor sortlarına üstünlük verirlər. Çünki, bu sortların görünüşünə görə satışı qənaətbəxşdir. Keçmiş sortlar indi həm tapılmır, tapılıb əkəndə də görünüşü cəlbedici olmadığından satılmır”. 

“İndi hökumət səviyyəsində belə məsələlərə diqqət yetirilmir”. 

Bu fikri isə Xaçmazın Qalağan kənd sakini fermer Gülzəhra İsayeva Bizim.Media-ya açıqlamasında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

AQTA-nın İSLAHATLARI – Azərbaycanın pomidor ixracına ZƏRBƏ VURUB


19 yaşından tərəvəz becərməklə məşğul olan, hazırda ömrünün 64-cü ilini yaşayan G. İsayeva bildirir ki, Xaçmazın əvvəlki pomidor sortlarını həsrətlə xatırlayır:

“Keçmişdə tərəvəzə dövlət hər becərmə mövsümündə havadan xüsusi təyyarələrlə dərman səpirdi, rayonun qədim pomidor sortlarına heç bir  ziyanverici həşərat yaxın düşmürdü. İndi belə xidmət yoxdur”.

Gülzəhra İsayeva deyir ki, elə il olub ki, 100 ton pomidor yığıb dövlətə təhvil verib. 

“Rayonumuzda Aslan Nəsibov adlı birinci katib var idi. O, mənə çalışqan olduğuma görə 3181 manat pul mükafatı və digər hədiyyələr vermişdi. İndi belə həvəsləndirici addımlar atılmır axı".

Gülzəhra İsayeva deyir ki, Xaçmazın qədim pomidor sortlarını indi əkmək sərfəli deyil: 

“Keçmiş pomidorların görünüşü indi alıcını qane eləmir. Dadı olsa belə... Məcbur oluruq "Lajen" kimi xarici sortları əkək. Bazara gələn müştəri yalnız görkəmə fikir verir. Xarici sort pomidorun dadı olmasa da görünüşü, qablaşdırakən əzilməməsi sərf edir ki, onu əkək.

Günün, tələbinə uyğun olaraq bu sortları əkməyə məcburuq. Bu il də 1 hektar sahəyə "Lajen" sortunu əkməyi planlaşdırmışıq. İstixanada şitili yetişdirmişik. Mayın əvvəlində əkinə başlayacağıq”. 

Fermerləri narahat edən digər məsələ suvarma suyunun az olmasıdır. Onlar əkəcəkləri sahələri suvara bilməyəcəklərindən ehtiyat edirlər. 

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən isə bildirirlər ki, fermerlərin bütün problemindən xəbərdardırlar. Qurumdan verilən məlumata görə keçən il rayonda 2003 hektar sahədə pomidor əkilib və bu sahələrdən 69 min 18 ton məhsul götürülüb. Bu il isə nə qədər sahədə əkin aparılacağı bəlli deyil. 
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən o da bildirilib ki, rayonda suvarma suyu probleminin həlli ilə bağlı hökümət səviyyəsində işlər aparılır. Fermerləri narahat edən bütün problemlər və onların təklifləri barədə Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib. 












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO