Xəbər verdiyimiz kimi, Xalq artisti Aftandil İsrafilovun qardaşı, qarmon ustadı Ənuşiravan İsrafilovun səhhətində ciddi problemlər yaranıb.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətkarın qızı Nəzrin İsrafilova ilə əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Aftandil İsrafilovun qardaşı qızı: “Evimizi sökəndən sonra atam xərçəngə tutuldu”- ÖZƏL
Sənətkarın qızı bildirib ki, xərçəng xəstəsi olan atasının ağrılarını azaltmaq üçün ona mütəmadi güclü ağrıkəsicilər vurulmalıdır. Onun sözlərinə görə, sözügedən dərmanlar poliklinika tərəfindən verilsə də tibb müəssisəsi qarmon ustadından yaşadığı yerin sənədini istəyir.
Sənətkar ailəsi isə kirayədə qaldıqları üçün həmin sənədi ala bilmədiyindən problemlərlə üzləşiblər:
“Bu il yanvarın səkkizində Milli Onkologiya Mərkəzində atam düz bağırsağından əməliyyat olunan sənətkarın səhhətində ciddi problemlər yaranıb. Atamın dəhşətli ağrıları var, xərçəng xəstəsidir. Ağrılarını azaltmaq üçün güclü ağrıkəsici lazımdır. Həmin dərmanı poliklinika verməlidir. Poliklinika isə deyir ki, bizə yaşadığınız yerinin sənədini təqdim edin.
Məsələ ilə bağlı Mənzil Kommunal Təsərrüfati Birliyinə yaxınlaşmışıq. Deyirlər ki, gedin polis bölməsində qeydiyyata düşün. Atam elə bir vəziyyətdədir ki, yerindən tərpənə belə bilmir. Mən atamı necə polis bölməsinə qeydiyyata düşmək üçün aparım. Tolstoy 54-də sökülən evimizin, yəni qeydiyyatda olan evimizin baxdığı poliklinikaya gedirik, bizə deyirlər ki, harada yaşayırsınızsa, yalnız oranın ünvanı lazımdır.
Mən artıq düzgün istiqamət götürə bilmirəm ki, necə sənəd düzəldə bilim ki, həmin sənəd poliklinikaya gedib çatsın ki, həmin güclü ağrıkəsicini bizə yazıb versinlər. Atam ağrılardan cəhənnəm əzabı çəkir. O, bizə, biz də ona baxıb ağlayırıq. Kirayədə qaldığımız evdə isə bizə sənəd verilmir. Atamın onkologiyadan əməliyyatının bütün sənədləri, epikrizi var, əməliyyatdan video görüntüləri də var.
Atamın qaraciyəri metastaz verib. Bizim nə gecəmiz, nə də ki gündüzümüz var. Bizə rahatlıq yoxdur. Atama vurulan adi ağrıkəsicilərin isə təsiri yoxdur”.
Qeyd edək ki, Ənuşiravan İsrafilovun qızı Nəzrin xanım daha əvvəl redaksiyamıza açıqlamasında bildirib ki, valideyinin xərçəngə yoluxması evlərinin qanunsuz yolla, icra hakimiyyəti tərəfindən sökülməsindən sonra baş verib.
Rəşad Əliyev, Bizim.Media