Xəbər verildiyi kimi, ötən gün daha bir təhsil müəssisəsində - Xəzər rayonunda yerləşən 149 saylı orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verdi. Paytaxt məktəbində baş verən ikinci xoşagəlməz hal ictimaiyyətdə ciddi müzakirə doğurub.
Bir tərəfdən məktəb bufetlərinin nəzarətsizliyi, digər tərəfdən isə kənar qüvvələrin təhsil müəssisəsinə yansıması məsələsi aktuallaşıb.
İran məktəblərində qız şagirdlərinin kütləvi surətdə zəhərlənməsi olayından sonra analoji hadisənin Azərbaycanda da ard-arda yaşanması təsadüfi hadisə kimi qarşılanmayıb. Qəribə də də olsa, Azərbaycan məktəblərindəki zəhərlənmə olayında məhz İran izinin olduğu təxmin edilir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elşən Qafarov bu məsələdə kənar qüvvələrin olduğunu düşünmür.
O, hesab edir ki, məktəb bufetlərində baş verən hala səbəb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarətsizliyi və məsuliyyətsizliyidir:
“Əslində bu kimi məlumatlar cəmiyyətdə xof yaratmaq istəyidir. Qəti qəbul etmirəm ki, İran bizim məktəblərimizə keçə bilər. Sadəcə nəzarətsizliyin və bu sahədə müəyyən işbazların iaşə obyektlərinə buraxılması ilə bağlıdır.
Azərbaycan 20-30 il bundan əvvəlki yeni qurulmuş ölkə deyil. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları kifayət qədər güclüdür. Dövlətimizə və cəmiyyətimizə qarşı planlaşdırıla bilən hər hansı təxribat vaxtında aşkar olunub, qarşısı alınır. Amma xarici təhlükə həmişə var.
Bu hadisənin səbəbi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məktəblərdə yoxlama aparmamasıdır. Qida Təhlükəsizliyi Agentliyinin vəzifələrindən biri də iaşə obyktlərində qida təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirməkdi. Biz isə bunu görmürük. Halbuki AQTA vaxtaşırı və mütəmadi olaraq məktəb bufetlərində monitorinq aparmalıdır”.
Ekspert hesab edir ki, məktəblər tezliklə publik hüquqi şəxsə çevrilməli və bu səlahiyyət ümumtəhsil məktəblərin rəhbərliyinə verilməlidir:
“Nazirlər Kabinetinin “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili” qaydaları var. Orada göstərilir ki, iaşə xidmətini həyata keçirən fiziki və hüquqi şəxslə təhsil müəssisənin rəhbəri arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
Baxmayaraq ki, məktəbdə bütün prosesə direktor cavabdehdir. Amma məktəb rəhbərləri fiziki və hüquqi şəxsləri heç tanımırlar, nə də onların işinə qarışırlar. Hətta bir çox hallarda məktəb direktorları sıxışdırılır ki, filan şeyi niyə tələb edirsiz.
O baxımdan Fəaliyyətində problem çıxan fiziki və hüquqi şəxslərin işinə, ən azı Elm və Təhsil Nazirliyinin müəssisələri ilə əməkdaşlığa qadağa qoyulmalıdır. Müvafiq qaydada cərimələnməlidir, bilərəkdən edirlərsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 19.04.2023
“Məktəbdəki zəhərlənmələrin səbəbi AQTA-nın MƏSULİYYƏTSİZLİYİDİR”
Hazırda oxunan: “Məktəbdəki zəhərlənmələrin səbəbi AQTA-nın MƏSULİYYƏTSİZLİYİDİR”
Hazırda oxunan: “Məktəbdəki zəhərlənmələrin səbəbi AQTA-nın MƏSULİYYƏTSİZLİYİDİR”
131701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.