Goranboy cəbhəsində döyüş zamanı düşmən snayperinin açdığı atəş nəticəsində başından ağır yaralanan (gözü də çıxıb) "Rembo" ləqəbli tankçı əsgərimiz Razi Cavadovun vəziyyətinin ağır olduğu barədə sizə məlumat vermişdim.
Razinin idman müəllimi Kərim Ziyadoğlunun dediyinə görə, yaralı əsgərimizin vəziyyəti ağır olaraq qalır. Qeyd edim ki, Razi "Rembo" ləqəbini düşmən mövqelərini 6 dəfə darmadağın etdiyinə görə qazanıb. Bu cəngavər oğlanın indi ciddi müalicəyə ehtiyacı var. Hazırda Gəncə Hərbi Hospitalında həyatla ölüm arasında mübarizə aparır.
Xatırlayırsızsa, iki il öncə cəbhədə ağır yaralanan əsgərlərimiz Türkiyə Baş Bakanlığının Bakıdakı nümayəndəliyi (TİKA) tərəfindən xüsusi təyyarə ilə Gülhanə Hərbi Tibb Akademiyasına aparıldı və orada sağalaraq Vətənə qaytarıldılar. Bu dəfə Müdafiə Nazirliyi özü nə qədər vəsait tələb olunmasından asılı olmayaraq, Razini və onun kimi başqa ağır yaralılar varsa, onların hamısını Gülhanəyə, xaricə aparıb müalicə etdirməlidir.
Qeyd edim ki, Razinin atası Vidadi də tankçıdır və ata-oğul bir cəbhədə döyüşürlər. Razi 3 körpə uşaq atasıdır, 2 oğlu, 1 qızı var.
Dostlar, gəlin biz də öz növbəmizdə dualarımızı bu igid qardaşımızdan əsirgəməyək! Allah bütün yaralı əsgərlərimizə kömək olsun! Amin!
Moderator.az xəbər verir ki, əslən Goranboydan olan tanınmış jurnalist Aqil Aslan bir neçə saat öncə belə bir müraciətlə çıxış edib. Moderator.az-ın əldə etdiyi son bilgilərə görə, ağır vəziyyətdə olan tankçımız ambulansla Bakıya Müdafiə Nazirliyinin Mərkəzi Hospitalına çatdırılıb.
Ümid edirik ki, ailənin yeganə övladı olan və himayəsində məktəb yaşı çatmayan üç azyaşlı körpənin olduğu igid döyüşçümüzün sağlamlığı naminə həkimlərimiz də mücadilə edəcək və lazım gəlsə onun təyyarə ilə Türkiyəyə etap edilməsi də təmin ediləcək. Təki onu həyata qaytarmağa nail ola bilək. Dualarınızı ondan və bütün yaralı igidlərimizdən əsirgəməyin. Allah hamısına şəfa versin inşallah!


































































































