“Elm sahəsində qadınların sayının artması mənfi haldır” – Alimdən AÇIQLAMA

“Elm sahəsində qadınların sayının artması mənfi haldır” – Alimdən AÇIQLAMA

Hazırda oxunan: “Elm sahəsində qadınların sayının artması mənfi haldır” – Alimdən AÇIQLAMA

131488

Azərbaycanda elmin populyarlaşdırılmasına ehtiyac var. Bəs, buna necə nail olmaq olar? Bununla bağlı ötən gün Azərbaycan Dövlət İqtisad Universitetində bu sahədə səlahiyyətli şəxslərin iştirakı ilə müzakirə də açıldı. 

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında bu istiqamətdə mənfi tendensiyaların mövcudluğunu və elmlə bağlı maarifləndirmə işlərinin ürəkaçan olmadığını, ölkə alimlərinin akademik profillərinin azlığını və istinad sayının aşağı olmasını elmin populyarlaşdırılmasına mənfi təsir edən amillər kimi qiymətləndirib. Müzakirələr bu və buna bənzər məsələlər ətrafında aparılıb.

Əslində, aparılan müzakirələrdə ortaya atılan məsələlər heç də problemlərin əsas qaynağı deyil. Bu sahədə daha ciddi və həlli vacib olan problemlər var.

Elmin populyar olmasına mane olan amillərin nələrdən ibarət olduğunu Bizim.Media-ya Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov şərh edib.
 

MÖVZU İLƏ BAĞLI:

Elmimizin inkişafına mane olan SƏBƏBLƏR – 90 yaşlı alimlər, qohumbazlıq...


Hədəf düzgün seçilməlidir 

Müsahibimizin sözlərinə görə, elmin populyarlaşdırılması üçün ilk növbədə hədəf düzgün seçilməlidir. 

Belə ki, elmi kimin üçün populyarlaşdırırıq  və məqsədimiz nədir?

“Ümumillikdə, ilk hədəf qrupu cəmiyyətdir”, - deyən İlqar Orucov ikinci hədəf qrupunun ölkənin gələcəyini etibar edə biləcəyimiz şagirdlər, tələbələr olduğunu deyir: 

“Populyarlıq üçün ilk növbədə bu seçimi düzgün etmək lazımdır. Elmin populyarlaşdırılması üçün ölkədə elmi mühiti sağlamlaşdırmaq və düzgün formalaşdırmaq lazımdır. Azərbaycanda elmi mühit kifayət qədər korlanıb. Həvəskar adamların elmə gəlməsi, saxta himayəçilik, istedadlı gənclərə meydan verilməməsi kimi problemlər var.
Azərbaycanda hər zaman elmi mühit əsasən AMEA-da olub. Universitetlərdə elmi mühit kifayət qədər yaxşı olmayıb.

Mən AMEA-nın yetirməsiyəm və elmi fəaliyyətimin orada başlaması ilə fəxr edirəm. Amma 2013-cü ildən başalayaraq AMEA-ya rəhbərlik edənlər elmi mühiti korladılar. Necə ola bilərdi ki, bir millət vəkili, iş adamı, məmur övladı, çox zaman heç xəbəri belə olmayan elmi işini gəlib asanlıqla müdafiə edə bilir, amma AMEA-da istedadlı uşaqlar elmdən küsdürülür və uzaq salınır. Bu istiqamətdə düşünmək lazımdır. Mühit sağlam olmazsa, hansı imkanları səfərbər etsən də elm populyar olmayacaq”. 

Ali Attestasiya Komissiyasının fəaliyyətində kifayət qədər qüsurlar olduğunu vurğulayan İ.Orucovun sözlərinə görə, vaxtilə  məmur övladları və qeyd olunan zümrədən olan digər şəxslər qurumdan diplomlarını ala bildiyi halda, kasıb övladları, zəhmetkeş gənclər oradan keçə bilmirdilər:

“Düzdür, son illərdə AAK-da müəyyən qədər dönüş var. Amma bu çıxış yolu hesab edilən deyil. Elm bürokratlaşmalı deyil. Akademiyanın və bütövlükdə Elm və Təhsil Nazirliyinin bu istiqamətdə bərabər işləmək imkanları olmalıdır.

Zamanında Prezidentin imzaladığı “Xüsusi istedadlı Uşaqlar və Gənclərlə İşin Təkmilləşmsinə dair Dövlət Proqramı” var idi. 

Həmin proqram çərçivəsində AMEA və o vaxtki Təhsil Nazirliyi birgə kiçik akademiyalar yaratamalı idilər. O kiçik akademiyanın əsasnaməsini zamanında mən hazırlamışdım. İndi onların fəaliyyəti, demək olar ki, yoxdur. Əslində, ölkə başçısının təsdiq etdiyi proqramda hədəf elmi gənclər arasında populyarlaşdırmaq idi ki, istedadlı uşaqlar və gənclər elmə gəlsinlər”. 

Müsahibmiz elmi populyarlaşdıran çox vacib məqamlardan olan və artıq son illərdə Birinci vitse-prezident Mehriban Əliyevanın da diqqəti ilə reallaşdırılan STEM mərkəzlərinin yaradılmasına toxunub:

“Bu mərkəzlər fənnlərarası münasibətdə yaradıcı elmi mühit deməkdir. Bu şəbəkənin genişləndirilməsi uşaqlarda elmə həvəsi artırmalıdır. Bundan başqa, elmin populyar olması işində elmi cəmiyyətlər də aktiv olmalıdır.

Qeyri-hökümət təşkilatı kimi fəliyyət göstərən elmi cəmiyyətlərin bu gün Azərbaycanda heç bir fəaliyyəti yoxdur. Yalnız görüntü xatrinə var və 80-90 yaşlı insanlar həmin cəmiyyətlərə rəhbərlik edirlər. 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüyəm. Elm, təhsil, mədəniyyət, vətənpərvərliyin təşviqi və s. mənim sahəmdir.  Görürəm ki, elm və təhsil təşkilatları kifayət qədər zəifdir.

Elmin populyarlaşdırılmasını vətəndaş cəmiyyətinin iştirakı olmadan həyata keçirmək mümkün deyil. Elm və Təhsi Nazirliyi, AMEA və universitetlər vətəndaş cəmiyyətləri institutlarının elm və təhsil yönümlü təkilatlarına qrantlar verməlidirlər”.

Televiziyalar diqqət ayırmalıdır

İlqar Orucov bildirib ki, televiziyalar bayağı verilişlərin yerinə, elmi populyar proqramlar hazırlamalıdır. Və bu cür proqramlar peşəkar insanlar tərəfindən idarə olunmalıdır: 

“Rusiya, Türkiyə kimi ölkələrdə bu sahədə çox gözəl proqramlar var. Amma bizdə bu yoxdur. Elmi jurnalistikanı inkişaf etdirmək vacibdir. İxtisaslaşmış jurnalistlərə çox ehtiyac var. Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi bu sahədə işləməlidir. Elmi bilməyən jurnalist bu sahədən necə sual verə bilər? 
İstedadlı gənclərlə mütləq iş qurulmalıdır.Magistr işlərinin keyfiyyətini artırmaq lazımdır. Magstr elmi yaradıcılığın birinci pilləsidir. Amma onların işləri köhnəlmiş, formal işlərdir. Çoxunu da elə onların rəhbərləri yazır. Gəncləri beynəlxalq tədbirlərə göndərmək lazımdır”.

Elmdə xanımların sayının artması mənfi haldır

İ.Orucov onu da vurğulayıb ki, elmdə xanımların sayı kifayət qədər artıb ki, bu da zərərli tendensiyadır:

“Elmdə olanların 65 faizdən çoxu qadındır. Nədir qadınları bu qədər elmə gətirən səbəb? Kişilər pul qazanmaq üçün başqa işlərə gedirlər. Boş qalan yerlərə xanımlar gəlir. Əslində, onlar ailə qurub, uşaq dünyaya gətirdikdən sonra elmdən soyuyurlar və zəncir qırılır. Elmdə bu qırılma olanda nəticələr aşağı düşür. 

İstedadlı oğlanları ona görə elmə gətirə bilmirik ki, elmə rəhbərlik edən yaşlı alimlərin intriqalarından beziblər. Yaşlı alimlər elmə gələn gəncləri də intriqalara, dedi-qoduya öyrədirlər. Mənim elmi rəhbərim o zaman AMEA-nın prezidenti idi.
Üçüncü kursda olanda tələbə elmi konfransında mənim çıxışımı görüb bəyənmişdi və dəvət etmişdi. Elmi rəhbər mənə öz cibindən pul verirdi ki, elmdən başqa işlə məşğul olmayım. İndi belə alimlər yoxdur. Onların bir duruşu var idi. Onlar gənclər üçün tikilən evlərə və s. göz dikmirdilər”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO