Qəbələ rayonu Laza kənd sakini fermer Ağaşirinov Valeh Məciməddin oğlu Moderator.az-a şikayət məktubu göndərib.
Şikayət ərizəsini təqdim edirik:
"Bu şikayət ərizəmdə yazıb sizə bildirirəm ki, uzun müddətdir ki, fermer təsərrüfatı yaradıb ailəmi dolandırmaqla yanaşı Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafına, dövlətimizə töhfələr verirəm. Dövlətimizdən tam razıyam, bunun üçün bizə münbit şərait yaradıb. Bu da fermerlərin inkişafına köməklik edir. Qəbələ rayon sakini olsam da fermer təsərrüfatının inkişafı üçün qış aylarını Zərdab rayonunda qış yatağında, yay fəslində isə Quba rayon ərazisində yaylaqda qalırıq. Artıq bu bizim yaşam tərzimizdir. Zərdab rayon ərazisində dövlət mülkiyyətində olan 70 hektar torpağı örüş sahəsi kimi uzun müddətli istifadə etmək üçün Zərdab Rayon İcra Hakimiyyəti ilə 02 may 2014-cü il tarixdə icarə müqaviləsi bağlamışam. Həmin torpaq sahəmdə yaşamaq üçün yardımçı bina tikmişəm. Mal-qoyun sürüsünü saxlamaq üçün də tikinti aparıb ondan istifadə edirəm. Həmin ərazidə ümumi sahəsi 306 hektar olan örüş torpağından istifadə üçün məndən başqa digər iki nəfər fermer də müqavilə bağlamışdır. İndi hər fermerə müqavilə əsasında ayrılmış torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi ehtiyacı var ki, buna görə ortada süni ixtilaflar, ziddiyətlər yaranıb. Buna görə mənim hüquqlarım pozulmuşdur. Belə ki, mənim istifadəmə müqavilə əsasında verilmiş 70 hektar torpaq sahəsinin sərhədləri qanunla fermamın və müvəqqəti yaşamaq üçün tikilmiş evin əhatə etdiyi ərazidən təyin edilməli olduğu halda tam qanunsuz olaraq başqa yerdən təyin etmək istəyirlər. Bu saxtakarlıq və qanunsuzluqdur. Çünki neçə ildir ki, mən həmin yerdə ferma, ev tikib, torpaqdan istifadə edirəm. Heç nə dəyişməyib. 306 hektar torpaq sahəsi eyni kateqoriyadır. Qışlaq sahəsi üçün Zərdab Rayon İcra Hakimiyəti başçısı ilə müqavilə bağlayan Alim adlı şəxs isə fermer deyil, Qəbələ rayonunda taksi fəaliyyəti ilə məşğul olur. Sadəcə olaraq Zərdab Rayon İcra Hakimiyyətinin işçisi kimi özünü təqdim edən Mehman adlı şəxslə əlbir olub müqavilə bağlayaraq dəllalıqla məşğuldur. Alim həmin icarəyə götürdüyü torpağı başqa şəxslərə icarəyə verməklə pul qazanır. İndi də qanunu icarə müqaviləsi ilə istifadə etdiyim qışlaq örüş sahəmin sərhədini dəyişmək istəyirlər. Buna görə də mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Prezident yanında Apellyasiya Şurasının sədri cənab Eldar Nuriyevə, Aqrar siyasət məsələri şöbəsinin müdiri cənab Azər Əmiraslanova, Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədova, Əmlak Komitəsinin sədri cənab Kərəm Həsənova və digər vəzifəli şəxslərə müraciət ünvanlayaraq xahiş edirəm ki, bu qanunsuzluq barədə ölçü götürəsiz".
































































































