Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də 3 saylı uşaq evində baş verən olaylardır. 73 yaşlı direktor Məhbubə Hüseynovanın ölçüyə və əndazəyə sığmayan əməlləri ictimaiyyətin sərt qınağına tuş gəlib.
Halbuki, direktorun uşaq evinin sakini Məhəmməd Hacıyevlə aralarında baş verən insident ilk hadisə deyil.
73 yaşlı Məhbubə Hüseynovanın qanunsuz əməlləri ilə bağlı Bizim.Media hələ ötən il həyəcan siqnalı verib, onun törətdiyi əməllərlə bağlı foto-video faktları ictimaiyyətə təqdim edib.
Hələ, 2022-ci ilin 16 iyul və 17 iyul 2022-ci il tarixlərində saytımızda dərc olunan yazılarda uşaq evində baş verən qanunsuzluqlar və özbaşınalıqlar barədə faktların dili ilə ətraflı söhbət açılmışdı:
MÖVZU İLƏ BAĞLI:
3 saylı Uşaq evində DƏHŞƏT – Yara tökən azyaşlı niyə həkimə APARILMIR? - VİDEO
3 saylı Uşaq evində növbəti DƏHŞƏT – Uşaqlar üçün gətirilən ətləri direktor SATIR – VİDEO
Lakin, bütün səsləndirilən faktlara rəğmən 73 yaşlı direktor barədə ciddi cəza tədbirləri görülmədi. Nəticədə isə ötən həftə uşaq evində daha bir özbaşnalığa ölkə şahidlik etdi. 17 yaşlı Məhəmmədi davranış pozuntusu səbəbilə psixiatriya xəstəxanasına yerləşdirən direktor etdiyi hərəkətlərdən vicdan əzabı çəkmək əvəzinə mətbuata bəyan etdi ki, “Məhəmməd Hacıyev psixi xəstədir, onun burada yeri yoxdur”.
Halbuki, Məhəmmədin yerləşdirildiyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov müayinədən sonra bildirdi ki, Məhəmməd Hacıyevin heç bir psixi pozğunluğu yoxdur.
Lakin, bu açıqlama əməkdar və tanınmış həkimə çox baha başa gəldi. Bu çıxışın ertəsi günü Səhiyyə nazirinin əmri ilə Ağahəsən Rəsulov vəzifəsindən azad edildi. Baş həkimin fikirlərinə görə yox, yaş həddinə görə işdən çıxarıldığı deyilsə də, bu əksəriyyətə inandırıcı gəlmədi.
Çünki, həqiqətən də, pensiya yaşına görə işdan çıxarılırsa, onda 73 yaşlı Məhbubə Hüseynova niyə toxunulmaz qalır?
Doğrudur, ötən gün “olmaz” deyən Məhbubə Hüseynova bəzi olacaqlarla razılaşdı. Məhəmməd Hacıyev yenidən məktəbə qayıtdı. Direktor hətta bu “psix” uşaqla kameralar qarşısında çox mehriban pozlar da verdi. Amma hələki 3 saylı uşaq evində dəyişən bir şey yoxdur.
Amma deyəsən yaxın günlərdə nələrsə dəyişəcək...
Belə ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Bizim.Media-ya bildirilib ki, baş vermiş son olaydan sonra uşaq evində müvafiq qurumların iştirakı ilə komissiya işə başlayıb. Komissiya uşaq evinin bütün fəaliyyət istiqamətlərini araşdırır. Araşdırmanın nəticələri isə yaxın 10 gündə ictimaiyyətə açıqlanacaq.
İdarənin verdiyi açıqlamadan aydın olur ki, 73 yaşlı Məhbubə Hüseynovanın taleyinə də bu ayın sonuna qədər aydınlıq gətiriləcək.
Gözləyək...
Surxay Atakişiyev, Bizim.Media