Xəbər verildiyi kimi, dünən Azərbaycan həkimləri səhhətində problem yaranan Xankəndindən olan erməni sakinlərə tibbi yardım göstərib. Belə ki, Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni qadının halı pisləşib, azərbaycanlı həkimlər ona yardım göstəriblər.
Azərbaycan həkimlərinin bu xoşməramlı jestini əslində Qarabağ ermənilərinin inteqrasiyası yolunda növbəti vacib addım kimi dəyərləndirmək olar. İstər-istəməz məhz bu kimi addımlar ara-sıra yaranan gərginliyin aradan qaldırılmasında, başlıcası isə bölgədə yaşayan ermənilərin Azərbaycana inteqrasiyasında mühüm rol oynayır.
Tibbi yardım həkimlərimizin erməni sakinlərinə kömək etməsinin bu mənada mühüm siyasi önəmi də vardır.
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, həkimlərimizin bu jesti olduqca təsirli, subliminal mesajdır:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı həkim: “Xankəndiyə daxil olanda sevinc hissi keçirirdik” - FOTO-VİDEO
“Azərbaycan həkimləri Xankəndi yolunda səhhətində problem yaradan ermənilərə tibbi yardım göstərib. Sonra isə Azərbaycanın təcili tibbi yardım maşını ilə həmin ermənilər Xankəndiyə çatdırılıb. Bu olduqca təsirli, subliminal mesajdır.
Öz ərazilərimizə nəzarətimizi, suverenliyimizi bərpa etməliyik. Azərbaycan ərazisindəki ermənilər də nəhayət dərk etməlidir ki, bu torpaqlar Azərbaycan torpaqlarıdır. Burada idarəçilik, vəziyyətə nəzarət Azərbaycana məxsus olmalıdır. Bunun alternativi yoxdur”.
Deputat hesab edir ki, təcili tibbi yardım avtomobilinin Xankəndiyə getməsi və heç bir insident baş vermədən geri dönməsi ermənilərin artıq reallığı dərk etmələri və yaxud dərk etmək məcburiyyətində olduqlarının ilkin göstəricisidir:
“Öz ərazimizdə sərbəst hərəkət etmək bizim hüququmuzdur. Bir müddət əvvəl Azərbaycan və erməni nümayəndələri arasında Xocalıda görüş oldu.
Bütün bunlar həmin ərazilərimizdə Azərbaycan hakimiyyət orqanları təmsilçilərinin sərbəst hərəkət etməkdə olduğu barədə ermənilərin psixoloji cəhətdən hazırlanması deməkdir. Bu cür hallar intensivləşdikcə, ermənilərin inteqrasiyası məsələsi də artıq təbii yolla öz həllini tapacaq”.
E.Mirbəşiroğlunun fikrincə, bu və ya digər şərait çərçivəsində azərbaycanlıların ermənilərin yaşadığı ərazilərimizə gedib-gəlməsi, ora nüfuz etmələri, həm dünya üçün subliminal mesajdır, həm də ermənilərin yalnız Azərbaycan qanunları çərçivəsində torpaqlarımızda mövcudluqlarını davam etdirə bilmələrinə psixoloji hazırlıq deməkdir:
“Başqa yol yoxdur. Azərbaycan həkimlərinin bu humanizmi bir daha göstərdi ki, ölkəmizin heç bir mənfi niyyəti yoxdur. Öz ərazilərimiz boyunca tam suverenliyimizi bərpa etmək istəyirik”.
Rüfət Sultan, Bizim.Media