Türkçülüyün əsasını qoyan salyanlı – Rusiyanı niyə tərk etdi?

Türkçülüyün əsasını qoyan salyanlı – Rusiyanı niyə tərk etdi?

Hazırda oxunan: Türkçülüyün əsasını qoyan salyanlı – Rusiyanı niyə tərk etdi?

12864

Görkəmli filosof, ədəbi tənqidçi, həkim, jurnalist, rəssam, şair, müəllim, tərcüməçi və alimin dünyaya gəlməsindən 157 il ötür.

Bizim.Media xəbər verir ki, bütün bu sadalananları özündə birləşdirən Azərbaycanın incəsənət xadimi Əli bəy Hüseynzadə 1864-cü ilin bu günü - 24 fevral tarixində Salyanda anadan olub.

Erkən yaşlarından ailəsi ilə Tiflisə (Tbilisi) köçən Əli bəy atasını da tez itirib. Bu səbəbdən babası, Qafqazın o zamankı şeyxülislamı Axund Əhməd Səlyaninin himayəsində böyüyüb.

Babası Mirzə Fətəli Axundzadə ilə dost olduğundan Hüseynzadə dramaturgiyamızın banisinin söhbətlərindən də faydalanıb. Təsadüfi deyil ki, hələ uşaqkən Əli bəy ana dili ilə yanaşı türk (Osmanlı türkcəsi), rus, ərəb, fars və alman dillərini də bilirdi.

Görkəmli ictimai xadim Ziya Göyalp Hüseynzadədən bəhs edərkən onun millətçilik eşqinin gimnaziyadakı gürcülər və Rusiyadakı oxşar cərəyanların təsiri ilə formalaşdığını deyib. Hilmi Ziya Ülkən isə Əli bəyin türkçü kimi yetişməsində babası və Mirzə Fətəli Axundzadənin əsas rol oynadığını bildirir.

Əksər əcnəbi ziyalılar onun "Turan" adlı şeirini Turançılıq ideologiyasının ilk görünümü adlandırır.

Sankt-Peterburqda Dmitri Mendeleyev kimi alimlərdən dərs alan Əli bəy Hüseynzadə imperiyadaxili narahatlıqlara görə Türkiyəyə gedir.

Uğurlu İstanbul təhsilindən sonra "Qırmızı Aypara Cəmiyyəti" ilə İtaliyaya yollanır. Türkiyəyə qayıdan Əli bəy əslən çərkəz olan Əthiyə xanımla evlənir və 3 övlad atası olur.

Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Əli bəy "Kaspi" qəzetində publisistik yazılar dərc etdirir. Ardınca H.Z.Tağıyevin maliyyə dəstəyi ilə Əhməd bəy Ağaoğluyla birgə "Həyat" qəzetinin nəşrinə start verir. Qəzet Əli bəyi "ağır başlı" filosof, "sədrə şəfa verən" ifadələrindən istifadə edən mütəfəkkir kimi insanlara tanıdır.

Ə.Hüseynzadənin maraqlı fəlsəfi mühakimələri də var:

"Həqiqətin də dadı və ləzzəti var.

Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!

Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər.

Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar.

Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz.

Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur".

Əli bəy Hüseynxzadə Füyuzat jurnalında yazırdı ki, "bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avtropa (müasir) qiyafəli fədai!

Əli bəy 1940-cı ildə İstanbulda vəfat edib.

Həqiqətən də, onun kimi Turan sevdalısı Azərbaycan-Türkiyə qardaşlığını, hazırki türkçülük və müasirliyi görsəydi, öz dili ilə desək, "mutlu olurdu".

Əsas odur ki, Türk səmasından sözügedən reallığı seyr edən Hüseynzadənin ruhu şaddır.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO