Reklam həyatımızın ayrılmaz bir parçasıdır. Hazırda hər birimiz bu və ya digər şəkildə məişətimizi reklamların yaratdığı assosiasiya ilə qururuq. Reklam həm də bir təqdimat alətidir.
Bəs, bizlər şəhərimizi qonaqlara necə təqdim edirik?
Bu suala cavab vermək çox çətindir. Çünki şəhərimizə ilk dəfə qədəm qoyan istənilən əcnəbi özünü ingilis dilli məkanda hiss edir. Otellərdən tutmuş kafe-restoranlara, bərbərxanalara və hətta “təkər təmiri” sexlərinə qədər hamısında ünvan əcnəbi dildə yazılıb.
Bu isə reklam qanunvericiliyinə zidd və Azərbaycan dilinə hörmətsizlikdir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Reklamçılar İttifaqının sədri Etibar Əbdülqasımov açıq hava reklamlarında vəziyyətin bərbad olduğunu dedi:
MÖVZU İLƏ BAĞLI:
Reklam qurğularının tikintisi bu quruma tapşırılır – Nə dəyişəcək?
“Reklam bir mədəniyyətdir, zövqdür. Həm də təqdimatdır. Çox təəssüf ki, paytaxtımızdakı açıq hava reklamlarına baxanda biz bunları görmürük. Azərbaycan Dövlət Reklam Agentliyi bu məsələyə sırf kommersiya marağından baxır. Reklamın məzmunu ilə məkan qətiyyən uyuşmur.
Reklam əsasən əcnəbi dildə yayımlanır. Bu da “Reklam haqqında” qanunun tələblərini ciddi şəkildə pozur. Reklam yerləşdirilməsinə görə icazə sənədləri yalnız ADRA-ya müraciət əsasında verilən icazə sənədləri ilə həyata keçirilir. Bu zamansa qanun pozuntusuna yol verilir.
Birincisi, reklam yerləşdirilməsində mülk sahiblərinin hüquqları kobud şəkildə pozulur. ADRA bu gün açıq məkanda reklam yerləşdirərkən heç bir mülk sahibindən icazə almır.
İkincisi, reklam şəhərsalmanın ayrılmaz bir hissəsi olduğu halda reklamverici firmalar ilk qurum kimi Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən icazə almalıdır. Lakin yalnız böyük həcmli reklam lövhələri quraşdırılarkən Komitədən rəy alınır. Amma əksər reklamların yerləşdirilməsinə sərəncamı ADRA verir. Nəticədə şəhərin memarlığının estetik tərtibatına ciddi ziyan vurulur. Bu qurumun qiymət siyasətindənsə danışmağa dəyməz. Bu sahədə ADRA özvəaliyyətlə məşğuldur”.
Məsələyə Millət vəkili Etibar Əliyevin də münasibəti maraqlı oldu:
“Paytaxtımızdakı bəzi reklam lövhələrinə baxarkən təəssüf hissi keçirməmək mümkün deyil. Həm reklamın dili, həm də ölçüsü insanı qıcıqlandırır. Bir zamanlar reklam dilində rus dili dominantlıq edirdisə, indi bunu ingilis dili əvəzləyib. Baxmayaraq ki, qanunla bütün reklamlar Azərbaycan dilində olmalıdır. İkinci dildən də istifadə edilə bilər. Amma onun fonda görünüşü Azərbaycan dilindəkindən kiçik olmalıdır. Mən başa düşmürəm, “Pub”, “restaurant” yazanda nə olur ki, olmazmı ki, bunu elə “pivəxana”, “restoran” yazaq?!”.
Millət vəkili məsələ ilə bağlı çağırış da etdi:
“Nəhayət ki, şəhərimizdə reklam mədəniyyəti formalaşmalıdır. Pul xatirinə əcnəbi dildəki reklamlara göz yummaq olmaz. Pula görə reklam lövhələrini hara gəldi asırlar. Hətta tarixi binalar üzərində çoxlu sayda reklam lövhəsinə rast gəlinir. Bu həm tarixi binanın görünüşünə xələl gətirir, həm də binaya texniki zərər vurur. Halbuki, tarixi binalarla münasibətdə çox həssas olmalıyıq. Reklama nəzarət edən qurumlar bu məsələyə çox məsuliyyətsiz yanaşırlar”.
Qarşı tərəfin - ADRA-nın mövqeyini də dərc etməyə hazırıq.
Surxay Atakişiyev, Bizim.Media