“Siqaret tüstüsü körpələrdə ani ölümə səbəb ola bilər” – Professordan HƏYƏCAN TƏBİLİ

“Siqaret tüstüsü körpələrdə ani ölümə səbəb ola bilər” – Professordan HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: “Siqaret tüstüsü körpələrdə ani ölümə səbəb ola bilər” – Professordan HƏYƏCAN TƏBİLİ

127664

Ev və digər qapalı mühitlərdə çəkilən siqaretin tüstüsü ətraf mühitə kanserogen təsir göstərir. “İkinci əl tütün tüstüsü” olaraq da adlandırılan passiv siqaretlə yanaşı, siqaretin yaratdığı daha bir risk “üçüncü əl tütün tüstüsü”dür. Dumandan əşyaya və ətrafa hopan “üçüncü əl tütün tüstüsü” daha çox uşaqlar üçün təhlükə yaradır. 

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, ölümlərin təxminən 18 faizinə siqaret səbəb olur.

Yaşıl Aypara Təşkilatının açıqlamalarına görə, yanan siqaretdən çıxan tüstüdə 4000 kimyəvi maddə və toksin var ki, onlardan 50-si xərçəng yaradır.

Siqaret təxminən 12 dəqiqə yanır, insan onu cəmi 30 saniyə ərzində içinə çəkir. Qalan tüstü ətrafdakı insanlar tərəfindən sorulur. Ətraf mühitə atılan siqaret tüstüsünün tərkibində adi siqaretdən 3 dəfə çox nikotin, 70 faiz çox qatran və 2,5 dəfə çox karbonmonoksit var. 

Bizim.Media “TRTHABER”ə istinadla evlər, kafelər, restoranlar kimi qapalı mühitlərdə olan, lakin cəmiyyətdə o qədər də tanınmayan “Üçüncü əl tütün tüstüsü” ilə bağlı professor Rəcəb Erol Sezerin açıqlamalarını təqdim edir.

“Üçüncü əl tütün tüstüsü” nə deməkdir?

Qapalı bir mühitdə siqaret çəkdiyinizi təsəvvür edin. Siqaret bitdikdən sonra pəncərə və ya qapı açılır, ətraf havalandırılır, tüstü və qoxu artıq yox olur. Ancaq gördüyünüz budur. İş orasındadır ki, belə deyil.

Professor bildirib ki, tüstüdəki maddələr ətraf mühitdə olan materiallara nüfuz edə bilər. Yapışdıqları yerdə və eləcə də bir müddət havada asılı qalırlar: 

“Onlar orada bir-birləri ilə və ya həmin mühitdəki digər kimyəvi maddələrlə asanlıqla reaksiyaya girərək yeni maddələr yarada bilirlər. Biz bilirik ki, siqaret çəkən mühitdə zəhərli maddələr bir neçə ay saxlanılır. Əgər 7 nəfər siqaretdən ölürsə, bir nəfər siqaret çəkmədiyi halda, ətrafdakı tüstüdən ölür”.

Professor bildirib ki, “üçüncü əl tütün tüstüsü” ən çox uşaqlara təsir edir: 

“Siqaret tüstüsü tütün çəkməyən bütün şəxslərə təsir edir. Ancaq bu təsirə ən çox məruz qalan uşaqlardır. Hamiləlik zamanı tütün tüstüsü udulduqda vaxtından əvvəl doğuşa səbəb olur. Körpələrdə yarıq damaq və ya yarıq dodaqlara səbəb ola bilər.

Körpələr ətrafdakı tüstüdən nəfəs aldıqda, ani körpə ölümü ilə üzləşə bilərlər. Orta qulaq infeksiyaları uşaqlıqda baş verə bilər. Astma, tənəffüs xəstəlikləri baş verir, tüstüyə məruz qalan uşaqların ağciyər funksiyaları aşağı olur.

“Üçüncü əl tütün tüstüsü”nün zərərlərindən birini xüsusi qeyd etmək istərdim. Bu nikotindir. Nikotin çox asılılıq yaradır. Həm də güclü bir zəhərdir. Nikotin ətraf mühitdə azot turşusu ilə birləşdikdə kanserogen maddə qrupu yaradır. Üçüncü əl tütün tüstüsünün kanserogen təsiri heyvanlar üzərində sınaqdan keçirilib və onun kanserogen təsirə malik olduğunu bilirik.
Siqaret çəkən insan siqaretdən bir milliqram nikotin alır. Amma çəkdiyi mühitə 8 milliqram nikotin buraxır. Nəzərə alın ki, bu nikotin ətraf mühitdə daim mövcuddur. Beləliklə, o, səthlərə yapışır. Toza yapışır. Uşaqlar daim bu tozlara və səthlərə toxunur. Əlləri ilə götürüb ağızlarına qoyurlar. Uşaqlarda nikotinin yığılması daha sürətli və daha tez baş verir. Orqanizmdən xaric olunması isə gecikir”.

Sezər nikotindən başqa ətrafdakı başqa bir kimyəvi maddə haqqında da xəbərdarlıq edir ki, bu da ozondur. Həkim deyir ki, ozonun nikotinlə qarşılıqlı əlaqəsi zamanı zəhərli aldehidlər adlanan kiçik hissəciklər əmələ gəlir. Bunlar iltihab və xərçəng yaradan xüsusiyyətlərə malik hissəciklərdir.

Professor onu da qeyd edib ki, üçüncü əl tütün tüstüsünün ən böyük riski evlərdədir.

Belə ki, üçüncü əl tütün tüstüsü siqaret çəkilən yerdə toplanır. Lakin onun evlərdə yığılması ən qorxuludur:

“Uşaqlar evlərdə sürünür, döşəməyə toxunur, o evlərdə yaşayır. Məsələn, siqaret çəkilən evdə hər kəs siqareti dayandırdıqdan bir həftə sonra təzə yastıq üzlükləri qoyulur və yastıq üzlərində yığılan nikotin üç həftə ərzində izlənilir. Örtüklərə üç həftə ərzində xeyli nikotin yığılması müşahidə edilib. Bəs bu haradan gəlir?

Evdə yığılan, yayılan və səpələnən nikotin ətraf mühitə atılır. Ətrafdakı əşyalara gedir. Deməli, uşaqları xərçəngdən və ya xəstəlikdən qorumağın vacib yollarından biri də evləri tüstüdən azad etməkdir”.

Professor qeyd edib ki, bu cür risk evlərdən sonra siqaretin çəkilməsinə icazə verilən kafe və restoranlardadır.

Üçüncü əl siqaret tüstüsünün qarşısını almaq mümkündürmü?

Zəhərlənmiş mühiti siqaretin təsirindən bildiyimiz üsullarla təmizləmək mümkün deyil. Erol Sezərin sözlərinə görə, siqaret çəkən yerin özünü təmizləməsi, qalan maddələrin tükənməsi üçün o mühitdə siqaret çəkilmədiyi halda, 2-3 ay vaxt lazımdır.

Təbiət bunu yavaş-yavaş, öz-özünə etməyə çalışır. Evdə uşaqlarına zərər verməmək üçün balkonda və ya pəncərədə siqaret çəkən bir çox valideynlər var. Bu, da qoruyucu tədbir kimi çox da ideal deyil. 

Heç siqaret çəkməməklə müqayisədə, ehtiyatla çəksəniz belə, “üçüncü əl tütün tüstüsü”nün tərkibində 5-7 dəfə daha çox zəhərli maddə toplanır”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO