“Azərbaycanda elm məmurlaşıb” – Ekspertlərin MÜBAHİSƏSİ

“Azərbaycanda elm məmurlaşıb” – Ekspertlərin MÜBAHİSƏSİ

Hazırda oxunan: “Azərbaycanda elm məmurlaşıb” – Ekspertlərin MÜBAHİSƏSİ

127460

27 mart bütün dünyada Beynəlxalq Elm Günü kimi qeyd edilir. Bu gün həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının yaranması günüdür. AMEA 1945-ci il martın 27-də təsis edilib.

Bəs, bu təqvim günləri insanlarda hansı assosasiya yaradır?

İlk müsahibimiz Millət vəkili, təhsil üzrə ekspert Etibar Əliyevdir. Bizim.Media ilə söhbətində o bildirdi ki, Elmlər Akademiyasının yaranması elm tarixində mühüm bir hadisə idi:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda neçə alim, neçə akademik var? - STATİSTİKA


“15 nəfər böyük simanın Akademik seçilməsi əlbəttə ki, təqdirediləsi hal idi. Mirəsədulla Mirqasımov kimi nəhəng bir şəxsin Akademiyaya ilk prezident təyin olunması tarixi hadisə idi. Akademiya 78 ildə böyük yol qət edib. Doğrudur müxtəlif dövrlərdə Akademiyanın zəif fəaliyyəti olub. Amma, AMEA elmin bütün sahələri üzrə çox böyük töhfələri olub. Hazırda Akademiyanın digər ölkələrlə müqayisədə zəif fəaliyyəti maliyyə çatışmamazlığıdır. İnkişaf etmiş ölkələrdə ÜDM-nin 2-3 faizi, İsraildə isə ÜDM-nin 5 faizi elmin inkişafına xərclənir. Hansı ölkələrdə ki, elm sahələri inkişaf edir, həmin ölkələrdə 4-cü sənaye inqilabı da çox böyük uğurlarla icra olunur”. 

Millət vəkili Azərbaycanda elmi strategiyanın yenilənməsini vacib hesab edir:

“Müasir çağırışlara cavab verən elm sahələrinə güclü vəsaitlər xərclənməlidir. Hazırda elmə Dövlət Büdcəsindən 0,2 faiz vəsait ayrılıb. Bu da ancaq əmək haqlarına xərclənir. Elmi tədqiqatlara çox cüzi vəsait xərclənir. Digər problem AMEA-nın strukturlarındakı kadr məsələsidir. Hazırda Akademiyanın nəzdindəki institut rəhbərlərinin çoxunun yaşı 70-dən yuxarıdır. 40 yaşınadək elmlər doktorlarının sayı çox azdır. Son dövrlər yaşlı nəsil cavanların irəli getməsinə açıq əngəl yaradıblar. Ona görə də elmdə hökmən cavanlaşma aparılmalıdır”.

Təhsil üzrə ekspert Kamran Əsədov isə elmi inkişafın keyfiyyəti ölkənin beynəlxalq rəqabət gücünə təsir etdiyini söylədi:

“Elmi potensial ölkənin innovativ müəssisələrinin, texnologiyalarının, məhsullarının və xidmətlərinin keyfiyyətini artırır.Bir çox beynəlxalq reytinq şirkətlərinin tədqiqatları, Azərbaycanın elmi inkişafında geri qalması ilə bağlı məlumatlar verir. Məsələn, dünyada ən məşhur elmi reytinq şirkətlərindən biri olan Scimago Institutions Rankings (SIR) Azərbaycanın elmi inkişafı ilə bağlı mütəmadi olaraq məlumatlar dərc edir. 2021-ci il üçün dərc edilən məlumata görə, Azərbaycanın elmi inkişafı üzrə dünya reytinqində ən yaxın ölkə olan Gürcüstanın ardınca 113-ci yerə düşür. Bu nəticələrə əsasən deyə bilərəm ki, Azərbaycanın elmi inkişafında hələ də ciddi problemlər var”.

Ekspert bununla birlikdə, son illərdə Azərbaycan hökuməti elmi sahədə inkişaf üçün çoxsaylı tədbirlər həyata keçirildiyin qeyd etdi:

“Məsələn, “Elm haqqında qanun" qəbul edilib və elmi tədqiqatların maliyyələşdirilməsi üçün vəsait ayrılır. Bu, elmi tədqiqatların və innovativ müəssisələrin inkişafına töhfə verəcək bir addım kimi qiymətləndirilə bilər. Ölkəmizdə elmi inkişafın əsas problemlərindən biri də elmi tədqiqatların həyata keçirilməsi üçün vəsait azlığıdır. Azərbaycan hökuməti son illərdə elmi tədqiqatların maliyyələşdirilməsinə daha çox diqqət yetirir.

Bununla birlikdə, elmi tədqiqatların maliyyələşdirilməsində əsas mənbəyi hələ də Dövlət büdcəsidir. Digər bir problemdə elmi kadrların azlığı və elmi sahədə fəaliyyət göstərən institutların gənclərin elmə gəlməsinə süni maneələr yaratması, elmi tədqiqat aparanlara az vəsaitlərin verilməsidir. Azərbaycanda elmi dərəcəsi olanların sayı son illər artsa da, elmi - tədqiqat sahələrində fəaliyyət göstərən alimlərin sayı hələ də kifayət qədər deyil. Bu, elmi inkişafın keyfiyyətini təsir edir və bu sahədə böyük potensialı olan gənc nəsillərin inkişafına mane olur. Çünki Azərbaycanda elm məmurlaşıb”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO