Rasim şəkil çəkmir, baş verən hadisələri lentə köçürür, əbədiləşdirir...

Rasim şəkil çəkmir, baş verən hadisələri lentə köçürür, əbədiləşdirir...

Hazırda oxunan: Rasim şəkil çəkmir, baş verən hadisələri lentə köçürür, əbədiləşdirir...

127129
...Adam var ki, vəzifəsi də var, möhürü də var. Adam da var ki, vəzifəsi yoxdur, amma möhürü var. Vəzifəli adamların vurduqları möhür müvəqqətidir. Günlərin birində vəzifədən çıxarırlar və dərhal möhürünü əlindən alırlar. Vəzifəsiz adamın möhürü daimidir. Dünya durduqca möhür vurduğun əməl sənin adınla, sənin möhürünlə yaşayır. Heydər Əliyevin Azərbaycan siyasətinə, Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinə, Səttar Bəhlulzadənin Azərbaycan rəssamlığına, Həsən Bəy Zərdabinin Azərbaycan mətbuatına, Rəşid Behbudovun Azərbaycan mahnı ifaçılığına, Alim Qasımovun Azərbaycan muğamına...vurduqları möhürü tarixdən kim pozub ata bilər ki? Qoy elə özümdən də deyim, xalqımızın 20 Yanvar qırğını, Xocalı soyqırımı kimi qanlı tarixi ilk dəfə "Səhər"in səhifələrində öz əksini tapmayıbmı?
Sözümün canı var... Azərbaycanın müstəqillik salnaməsini tarixə çevirən, yüzlərlə, minlərlə fotoşəkilə öz möhürünü vuranlardan biri də Rasim Sadıqovdur. Bu gün tanınmış fotojurnalistin 60 yaşı tamam olur. Bəzi həmkarlarımın ona sadəcə, "fotoqraf" demələri heç xoşuma gəlmir. Çünki, Rasim fotoqrafiyada, fotostudiyada işləmir, saçını - saqqalını mətbuatda ağardıb. O heç zaman, heç kəsə "düz dayan, gözünü qırpma" deməyib. Rasim şəkil çəkmir, baş verən hadisələri lentə köçürür, əbədiləşdirir. Hər bir şəkil Rasim üçün tarixin bir anı, həyatımızın reallığıdır. 1988 - ci ildən başlanan böyük köç, çadır şəhərciklərində qaçqın həyatı, meydan hadisələri, 20 Yanvar qırğını, xalqımızın müstəqillik uğrunda mübarizəsi...Hər bir şəkil canlıdır, hər şəkildən körpə, uşaq, qadın, qoca boylanır...Onların sifət cizgilərini oxumaq çətin deyil. Bu şəkillər sanki dil açıb adamla danışır...
Cəbhə həyatı, soyuq səngər, döyüşçü əzmi...Köhnə Bakı, İçərişəhər, Qız qalası, ilk Novruz tədbirləri, Atəşgah, paytaxt küçələrində dəvə karvanı, Azərbaycan idmançılarının nailiyyətləri...Azərbaycanın görkəmli şəxsiyyətləri...Burada ad çəkə bilmirəm, adam qalıb ki, Rasimin obyektivindən yayınsın...Bir mövzunu xüsüsi vurğulamaq istəyirəm, milli adət - ənənələrimizin təbliği, qadınlar, uşaqlar...Uzun müddət "Azərbaycan qadını" jurnalında işləməsi Rasimi bu mövzuya daha da yaxınlaşdırıb...
Rasimin iş otağına gələnlər oradan çıxmaq istəmirlər. Divardakı fotoşəkillərə baxmaq bir saatın, iki saatın işi deyil...Müxtəlif illərin bənzərsiz şəkilləri. Hamısında Rasimin imzası, Rasimin möhürü...
Mən həmişə iftixar hissi keçirmişəm ki, Rasimlə ünsiyyətdə olmuşam. Yaradıcılıq yolunda düz 40 il yanaşı addımlamışıq. Yox, qoy səhvimi düzəldim, yanaşı addımlamamışıq, bu şərəfli yolu əl - ələ tutaraq birgə keçmişik!..
Ad günün, 60 yaşın mübarək, əziz dost!

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO