Torpaqlarımız sürətlə səhralaşır – Çıxış yolu VARMI? 

Torpaqlarımız sürətlə səhralaşır – Çıxış yolu VARMI? 

Hazırda oxunan: Torpaqlarımız sürətlə səhralaşır – Çıxış yolu VARMI? 

125689

“Azərbaycanda hazırda ümumi torpaq fondunun 54-55 faizi bu və ya digər dərəcədə eroziyaya məruz qalıb”.

Bunu Bizim.Media-ya müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyev deyib.

İsmayıl Quliyev ölkəmizdə torpaqların səhralaşmasına səbəb olan amillərdən və çıxış yollarından danışıb.

Qeyd edək ki, torpaq növlərinin müxtəlifliyinə görə Azərbaycan dünyanın ən zəngin güşələrindən biridir. Respublikanın torpaq xəritəsində 90-a qədər torpaq tipi və yarımtipi göstərilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycanın ümumi torpaq fondunun sahəsi 8,641 mln. hektardan artıqdır. Bunun 4,47 mln. hektarı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 milyon hektarı suvarılan torpaqlardır. Respublika ərazisinin 3,240 mln. hektarı və ya 37,4 faizi istifadə olunmayan (şoranlaşmış, bataqlıqlaşmış, güclü eroziyaya uğramış, daşlı çay yataqları, qayalıqlar və.s.) torpaqlardır. 

Mil və Qarabağ düzlərində torpaqların 30,8, Quba-Xaçmaz zonasında 48,2, Abşeron yarımadasında 40,3, Şirvan düzündə 27,7, Şəki-Zaqatala zonasında isə 55,7 faizi eroziya proseslərinə məruz qalıb. Bura su, külək və irriqasiya eroziyasına məruz qalan bütün torpaqlar aiddir. 
Torpaqların şoranlaşması Azərbaycanda ən böyük ekocoğrafi problemlərdən biri hesab edilməlidir. Belə ki, ölkədə şoran torpaqların ümumi sahəsi 2 mln. hektardan artıqdır.

Mütəxəssislər nə düşünür?

İ.Quliyevin sözlərinə görə, torpaqların səhralaşaması və deqradasiyası problemi dünyanın hər yerində, o cümlədən də ölkəmizdə aktual problemdir:

“Azərbaycanda torpaqların bitki örtüyünün deqradasiyası və səhrəlaşması ən aktual məsələ kimi bu gün narahat edir. Ölkəmizin torpaqlarında həm məhsuldarlıq aşağıdır, həm şirin su problemi var. Yerləşdiyimiz coğrafi ərazi, iqlim şəraiti və qlobal miqyasda gedən səhrəlaşma prosesinin təsirləri var.  Azərbaycanın ərazisinə daxil olan əsas su ehtiyatlarının çox hissəsi ölkədən kənarda formalaşır. Və bu ölkələrin də getdikcə şirin su ehtiyatlarına olan təlabatı artıqca Azərbaycanda bu problem ikiqat artır. Torpaqlardan və şirin su ehtiyatlarından düzgün və səmərəli istifadə tələb olunur.

Azərbaycan torpaqlarında deqradasiyanın bütün tiplərinə rast gəlmək mümkündür. Azərbaycanın 70 faizə qədər ərazisi arid və semarid əraziyə düşür. Su, külək eroziyası, şoranlaşma və antropogen təsirlər nəticəsində çirklənmə prosesi Azərbaycan üçün xarakterikdir. Şoranlaşma probleminə xüsusilə,respublikanın kənd təsərrüfatı üçün istifadə olunan torpaq sahələrində rast gəlirik. Kür- Araz ovalığı, Xəzərsahili ərazilərdə problem özünü qabarıq şəkildə göstərir”.

Müsahibimiz bildirib ki, torpaqlarda suvarılmanın düzgün aparılmaması, melerativ tədbirlərin gecikdirilməsi kimi problemlər şoranlaşma, deqradasiya və ardınca səhralaşmaya yol açır.

Dağlıq və dağətəyi ərazilərdə torpaqların eroziyasına təsir edən amillərdən danışan alim bunları deyib:

“Təbii proseslərlə yanaşı, antropogen təsirlər də var. Heyvanların yamacalarda həddən artıq otarılması, əkin işlərinin düzgün aparılmaması eroziyaya səbəb olur. Azərbaycanda hazırda ümumi torpaq fondunun 54-55 faizi bu və ya digər dərəcədə eroziyaya məruz qalıb. Meşə örtüyünü çıxmaq şərti ilə, demək olar qalan bütün ərazilərimizdə su eroziyasına məruz qalan yerlər var.  Abşeronda, Xəzərsahili bölgələrdə şoranlaşma və külək eroziyası əsas rol oynayır.

Bu da torpaqlarımızda səhralaşma ocaqlarının yaranmasına gətirb çıxarır. Otarılma normalarına düzgün əməl olunmaması həm bitki, həm də torpaq deqradasiyasına səbəb olur.  Bu gün Azərbaycanın kənd təsərrüfatında, ümumiyyətlə ətraf mühitində yaranan ekoloji problemlərin səbəbləri budur. Bunun aradan qaldırılması üçün torpaqlardan düzgün və səmərəli istifadə olunmalıdır. Maarifləndirmə aparılmalıdır. Suvarılma normal aparılmalıdır. Müasir texnologiyalardan istifadə etməklə həm sudan səmərəli istifadə etmək olar, həm də toraqlarda şoranlaşmanın aradan qalxmasına kömək etmiş olarıq.

Dağlıq ərazilərdə meşələrin bərpa olunması əsas şərtdir. Meşələrin qırılması təkcə meşələrin deyil, həm də meşəaltı torpaqların məhv olması deməkdir. Eyni zamanda, yeraltı suların azalması deməkdir. Bütün bunlar bir-biri ilə bağlı problemlərdir. Ona görə də çıxış yolu ətraf mühitə, təbiətə kompleks yanaşmadır. Belə olmazsa, getdikcə ekoloji problemlər qarşısı alınmaz hal alacaq”.  


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi - bəndinə uyğun olaraq hazırlanıb.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO