Xətai rayonu ərazisindəki hipermarketə edilən silahlı hücumun acı nəticələri bəzi məsələlərə yanaşmanı diqqətə gətirdi. Məlum oldu ki, ölkəmizdəki ictimai sabitlik bəzi qurumları arxayın salıb. Nəticədə ekstremal vəziyyətlərdə həmin qurumların işlərindəki çatışmamazlıq üzə çıxır. Çatışmamazlıqsa peşəkarlığın aşağı səviyyədə olmasıdır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, belə hadisələr çox şükür ki, ölkəmizdə tez-tez baş vermir:
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Bakıda marketdə silahlı ATIŞMA - Ölən və yaralılar var - VİDEO
“Amma bu bir siqnaldır. Son hadisə göstərdi ki, bu məsələyə daha ciddi yanaşılmalıdır. Bu sahədə çalışanların peşəkarlığı artırılmalıdır. Söhbət təkcə inkasatorlardan getmir. Həm də hər cür ödəniş aparatlarının mühafizəsindən gedir. İndi təkcə ticarət obyektlərində yox, həm də küçələrdə ödəniş aparatları var. Ona görə də bu məsələyə diqqət artırılmalıdır”.
Ekspert onu da qeyd etdi ki, qanunvericilikdə bununla bağlı hansısa məhdudiyyət yoxdur:
“Pulnan işləyən hər bir qurum daşınma və təhlükəsizlik məsələsini özü həll edir. Ölkəmizdə inkasator xidmətlərini Azərpoçt da, banklar da müstəqil şəkildə həyata keçirir. Vaxtilə bu məsələni araşdırmışam. Dünyada bu məsələdə seçim hüququ bankların özlərindədir. Yəni vahid standart yoxdur ki, bunu kim həyata keçirə bilər. Bu məsələyə dövlətin müdaxiləsi düzgün deyil, əsas odur ki, inkasator xidməti göstərənlər əsl peşəkarlar olmalıdırlar”.
Surxay Atakişiyev, Bizim.Media