Kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə bu gün Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şura yaradılıb.
İctimai Şuranın şəhər nəqliyyat sisteminin inkişafında, əhaliyə keyfiyyətli, müasir və təhlükəsiz nəqliyyat xidmətlərinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə yaradıldığı qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
Avtobus xətlərində gecikmələr - BNA rəsmisi: “Təbii haldır”
Şuranın tərkibi isə nəqliyyat üzrə ekspertlərdən və Qeyri Hökumət Təşkilatları, eləcə də ictimaiyyət nümayəndələrinin yer aldığı 9 nəfərlik heyətdən ibarət olduğu açıqlanıb.
Elə yarandığı gün də Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin İctimai Şuranın üzvləri ilə ilk görüşünu keçirib və nəqliyyat agentliyinin gələcək fəaliyyəti ilə bağlı məsələlər müzakirə edib.
Əvvəlcə onu xatırlatmaq yerinə düşərdi ki, Bakı Nəqliyyat Agentliyi yanında ictimai şuranın yaradılması haqqında qərar çoxdan verilməli idi.
Artıq uzun bir müddətdir ki, bu sahədə ictimai nəzarətin olmadığı göz önündə idi. Nəhayət, bu günki qərardan sonra Bakı Nəqliyyat Agentliyi rəsmi şəkildə, BNA-nın fəaliyyəti üzərində bu günədək ictimai nəzarət mexanizmlərinin mövcud olmadığını sübut etmiş oldu.
Digər mühüm məsələ isə İctimai Şuranın tərkibi ilə bağlıdır. Təkcə İctimai Şuraya daxil olan şəxslərin peşələrinə və tutduqları vəzifələrə baxmaq kifayət edir ki, bu adamların ictimai nəqliyyatdan ümumiyyətlə istifadə etməyən şəxslər olduğunu görmək mümkün olsun.
Bəs bu cür şəxslərin İctimai Şurada təmsil olunmasının mənası nədir? İctimai nəqliyyatdan istifadə etməyən, bu sahədəki problemlərdən xəbərdar olmayan şəxslər ictimai nəzarət funksiyasını səmərəli icra edə biləcəklərmi?
Onsuz da BNA-nın keçmiş şöbə müdiri Hikmət Babayevin taksilərlə bağlı açıqlaması ilə Bakı Nəqliyyat Agentliyin özünün belə ictimai nəqliyyatın nə olduğunu bilmədiyinin şahidi olmuşduq.
İndi isə oxşar məsələ ictimai nəzarətlə bağlı baş verir deyəsən.
Eyni zamanda BNA rəhbəri Vüsal Kərimlinin İctimai Şura üzvləri ilə görüşünü çox asanlıqla zoom vasitəsilə həyata keçirmək olardı. Bu cür görüş təşkil olunduğu təqdirdə media nümayəndələrinin də iştirakı təmin olunar və əhalini maraqlandıran məsələlər ətrafında suallar ünvanlana bilərdi.
Medianın iştirakı həm daha geniş auditoriyanın ictimai əhəmiyyətli mövzuda müzakirələrdə iştirak edə bilməsi üçün fürsət yaradacaq, həm də vətəndaşların BNA sədri Vüsal Kərimlinin üzünü görmələri üçün xoş bir vəsilə olacaqdı.
Maraqlı olan isə İctimai Şuranın bundan sonrakı fəaliyyət istiqamətləridir. Görəsən İctimai Şuranın funksiyası sadəcə olaraq BNA-nı tərifləməkdən ibarət olacaq yoxsa, həqiqətən ictimai nəzarət funksiyasını yerinə yetirəcək?
Bizim.Media