Azərbaycan siyasi arenasında partiyaların strukturunda dəyişikliklərə tez-tez rast gəlinir. Yarandığı gündən, indiyədək vahid strukturunu qoruyub saxlamağı bacaran siyasi təşkilatların sayı isə barmaqla sayılacaq qədərdir.
Xüsusən də, partiyaların parçalanması nəticəsində yenilərinin yaranması, yaxud da bir partiyadan ayrılan funksionerlərin başqa partiyalara kütləvi keçidi kimi hallar Azərbaycan siyasətində dəfələrlə müşahidə olunub. Lakin iş birləşməyə gələndə partiyalardan nədənsə səs-səda gəlməyib.
Ancaq indi dövr o dövr deyil. Artıq partiyanın qeydiyyatı üçün min yox, 5 min üzv sayı tələb olunur. Özü də 6 ay müddətində üzvlərin məlumatları ilə birgə sənədlər Ədliyyə Nazirliyinə təqdim olunmalıdır.Belə olan halda siyasi arenada varlığını davam etdirmək istəyən kiçik partiyalar üçün birləşmə zərurəti meydana çıxıb, hansılarının ki, sayı, bəlkə də ümumi partiyaların yarıdan çoxuna bərabərdir.
Bəs, bu günə qədər Azərbaycan siyasətində partiya birləşmələri yaşanıb?
Bizim.Media bu suala cavab axtarıb.
Müsavat Partiyası
Azərbaycan siyasi arenasında ilk birləşmə təcrübəsi Müsavat partiyasında yaşanıb. Belə ki, 1995-ci ildə iki siyasi təşkilat Ana Torpaq və Doğru Yol Partiyaları İsa Qəmbərin başqanı olduğu Müsavat partiyasına birləşiblər. Məlumat üçün bildirək ki, Ana Torpaq Partiyasına İsa Qəmbərin böyük qardaşı Rövşən Qəmbər başçılıq edirdi.
Doğru Yol Partiyasının sədri isə, Ali Sovetin sabiq vitse-spikeri, hal-hazırda Azərbaycanın Litvadaki səfiri vəzifəsini icra edən Tamerlan Qarayev olub. Onunla yanaşı, DYP-də millət vəkili Rasim Musabəyov, Azad Vətən Partiyasının sədri Akif Nağı kimi siyasilər də təmsil olunublar.
Azərbaycan Demokrat Partiyası
Azərbaycan siyasətindəki növbəti 3 birləşmə isə, məhz, Demokrat Partiyanın adı ilə bağlıdır. 1996-cı ildə və Ədalət, Demokratik Azərbaycan, 2000-ci ildə isə, Demokratik Yol Partiyaları, Milli Məclisin sabiq spikeri Rəsul Quliyevin partiyasına birləşiblər. Lakin Ədalət Partiyasının demokratlarla birliyi cəmi 4 il çəkib. 2000-ci ildə ədalətçilər ADP-dən ayrılaraq, müstəqil fəaliyyətlərini bərpa ediblər.
Ümid Partiyası
Birləşmə məsələsi hər nə cürsə bu günə kimi mübahisə doğursa da, 2001-ci ildə Bu Ayaz Mütəllibovun rəhbərlik etdiyi Vətəndaş Birliyi Partiyasında parçalanmadan sonra VBP-nin bir hissəsi Ümid Partiyasına birləşib. Birləşmədən sonra Ümidin sədri İqbal Ağazadə olub.
Milli İstiqlal Partiyası
2003-cü il Prezident seçkiləri ərəfəsində Mütərəqqi Xalq Partiyası AMİP-ə birləşdiyini bəyan edib.
Yeni Azərbaycan Partiyası
Ümidə birləşmədən sonra 18 il ərzində vahid partiyada birləşmə yaşanmayıb. Yalnız 2021-ci ildə Demokratik Sahibkarlar, Xalq Demokratik, Kəndli, Milli Hərəkat, Yurddaş, Milli Quruluş Partiyaları iqtidarda olan Yeni Azərbaycan Partiyasına birləşiblər.
Qeyd edək ki, sadalanan birləşmələrlə yanaşı, bir neçə birləşmə cəhdi də yaşanıb. Məsələn, 2003-ü ildə Liberal partiyadan ayrılmış bir qrup funksioner AMİP-ə birləşmək üçün müraciət etsələr də, onların bu istəkləri qəbul edilməyib.
Bundan əlavə, 2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Ana Vətən Partiyasının Yeni Azərbaycan Partiyası ilə bir partiya adı altında birləşməsini təklif edib. Lakin YAP-dan bu təklifə müsbət cavab gəlməyib.
Göründüyü kimi, 30 illik müstəqillik dönəmində birləşmələrin sayı barmaqla sayılacaq qədərdir. Lakin yeni qanun yeni çağırışları, birləşmənin labüdlüyünü də meydana çıxarıb. Partiyaların birliyə meyl eib-etməyəcəyini isə yaxın aylarda görəcəyik.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 03.03.2023
Hansı partiyalar birləşməyə hazırlaşır? - Birləşənlərin SİYAHISI
Hazırda oxunan: Hansı partiyalar birləşməyə hazırlaşır? - Birləşənlərin SİYAHISI
Hazırda oxunan: Hansı partiyalar birləşməyə hazırlaşır? - Birləşənlərin SİYAHISI
123438
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.