Dünyadan Hacı Şahin keçdi... – Mərhum ilahiyyatçının BİOQRAFİYASI 

Dünyadan Hacı Şahin keçdi... – Mərhum ilahiyyatçının BİOQRAFİYASI 

Hazırda oxunan: Dünyadan Hacı Şahin keçdi... – Mərhum ilahiyyatçının BİOQRAFİYASI 

123417

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib. 

Bizim.Media ilahiyyatçının keçdiyi həyat yolu və fəaliyyəti ilə bağlı bir sıra önəmli məqamları təqdim edir: 
 

MÖVZU İLƏ BAĞLI:

“Alim öldü, aləm öldü” – Hacı Şahinlə vida mərasimindən VİDEOREPORTAJ 


Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. Cəmiyyətimiz onu ilahiyyatçı kimi tanısa da, Hacı Şahin ixtisasca mühəndis, tarixçi olub.

Belə ki, mərhum ilk bakalavr təhsilini Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsində alıb. 2001-2004-cü illərdə isə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsilə yiyələnib. 



O hələ təhsil aldığı dönəmdən ictimai fəaliyyətlə məşğul olmağa başlamışdı. 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. 

2001-ci ildən etibarən Hacı Şahin bu gün son mənzilə yola salındığı Məşədi Dadaş Məscidinin imamı idi. 

Həmin illərdən ilahiyyatçı kimi tanınmağa başlayan Hacı Şahin təkcə dindar kəsimin deyil, xalqın böyük hissəsinin sevimlisinə çevrilməyi bacarmışdı. İlahiyyatçı fəaliyyətində milli-mənəvi dəyərlərin, vətənpərvərlik duyğularının fəal təbliğatçısı olub. 

O, önəmli kütləvi tədbirlərdə hər zaman xalqın yanında idi. Xüsusən də, Vətən Müharibəsi dönəmində xalqımız Hacı Şahinin xalqa mənəvi dəstəyinə bir daha şahidlik etdi. O, şəhid cənazələrinə qatılır, Vətən uğrunda canlarını fəda etmiş hərbçilərimizin yaxınlarına təsəlli verirdi. 



Hacı Şahin radikal-dini ideyalara qarşı da mübarizə aparırdı. Daim mətbuatda əsl İslamın nə olduğunu insanlara çatdırır, dini öz məqsədlərinə alət etmək istəyənlərin qarşısında öz biliyi ilə dayanırdı. 
İrandakı səfirliyimizə hücumdan sonra da Hacı Şahin hadisəni terror aktı adlandırıb, hücumu pisləyən açıqlamalar verdi. Tehranda şəhid olan Orxan Əsgərovun cənazəsində də ilahiyyatçı xalqla çiyin-çiyinə dayandı. 

Və martın 2-si səhər saatlarında Hacı Şahin Həsənli qəfil ürək tutmasından dünyasını dəyişdi. 

Mərhumun iki oğlu, iki qızı var idi... 



Allah rəhmət eləsin! 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO