Təhsil naziri Mikayıl Cabbarov mətbuata açıqlama verərək test üsulu ilə qəbulun mənfi tərəflərinin olduğunu bildirib və bu üsulun köhnəldiyini deyib. Nazirin bu açıqlamasından sonra cəmiyyətdə test üsulunun ləğv oluna biləcəyinə dair müzakirələr aparılmağa başlayıb, baxmayaraq ki, nazir yaxın iki-üç il ərzində əvvəlki qaydada qəbulun həyata keçiriləcəyini bəyan edib...
Maraqlıdır, test üsulunun ləğvi təhsil sisteminə hansısa xeyir verə bilərmi?
Qeyd edək ki, test üsulunu ölkədə ilk dəfə AXC-Müsavat hakimiyyəti tətbiq edib. Həmin iqtidar dönəmində baş nazir postunu tutan Pənah Hüseyn Moderator.az-a açıqlamasında bildirdi ki, test üsulu ilə qəbul modeli özünü doğruldub və bunu hamı etiraf edir:
“Test üsulu ilə ali məktəblərə qəbul bizim iqtidar dönəmində həyata keçirildi. Bu inqilabi dəyişiklik gənclərin öz biliyi hesabına ali məktəbə qəbul olmasına şərait yaratdı, rüşvətin kökünü tamamən kəsdi və özünü doğrultdu. Test üsulu bir sıra inkişaf etmiş ölkələrdə tətbiq olunmaqdadır. Hazırda Azərbaycanda da tətbiq olunur və bu üsulla savadlı insanlar tələbə adını qazana bilirlər. Mən gedən müzakirələri yaxından izləməkdəyəm, təhsil naziri test üsulunun bəzi çatışmazlıqları barədə açıqlamalar versə də bu üsulun ləğv olunması haqda heç nə deməyib. Mən belə hesab edirəm ki, nazirlik hazırkı sistemdən daha mükəmməl sistem ortaya qoyana qədər test üsulu ilə qəbulu həyata keçirməyə davam etməlidir.”x9d





































































































