3 gün əvvəl atası və əri tərəfindən zorla qaçırılan 22 yaşlı qadının həyatı təhlükədədir.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. 4 il əvvəl qadın İmişlidən Bakıya gəlin köçüb. Amma ərə gəldiyi ailədə dəfələrlə şiddət və fiziki zorakılıq görüb.
Anasız böyüyən qadın vaxtilə atasından da şiddət görüb. 3 yaşında övladı var. Döyülməkdən yorulduğu üçün yeganə istəyi boşanmaq, övladı ilə birgə rahat və təhlükəsiz şəraitdə yaşamaqdır. Amma nikahda olduğu əri və ailəsi övladını əlindən alıb, boşanmağına isə imkan verilmir.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Bizim.Media-ya qadının təhlükəsizliyinin nəzarətə götürüldüyün açıqlayıb:
MÖVZU İLƏ BAĞLI:
Bakıda qızın QAÇIRILMA ANI - ANBAAN VİDEO
“Hazırda qadın Komitənin nəzarətindədir və təhlükəsizliyi tam təmin olunub. Tərəfimizdən aidiyyəti icra hakimiyyətinə həm yazılı, həm də şifahi müraciətlər olunub. Sığınacaqla təmin olunub. İstəyi məhkəmə yolu ilə övladını almaqdır. Lazım gələrsə, Komitə qadını təmənnasız vəkillə təmin etməyə hazırdır”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev isə saytımıza bildirib ki, faktla bağlı müvafiq polis idarəsində istintaq araşdırması aparılır. Xanımın təhlükəsizliyi tam təmin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Alçina Amilqızı, Bizim.Media