Bu gün burada-sosial şəbəkədə bəzi resursların Azərbaycan Jurnalistikasına böyük əməyi keçmiş Qulu Məhərrəmlinin bir müsahibəsinə cavab haqqı kimi bir videopaylaşım gördüm. Video 3 saata yaxın olduğundan bütününə baxmaq səbrim və zamanım olmadı. Amma sürətli nəzərdən keçirərkən, xeyli sayda şəxsin "danişdırıldığını" və Qulu müəllimə "münasibətlərini" gördüm. Tipik AZTV dəsti-xətti...
Məqsədim orda "danışdırılan" və "danışılan məsələləri müzakirə etmək deyil. Burda hər şey cəmiyyətə aydındır. Danışdırılanların halına sadəcə acımaq olar...
Mən məsələnin başqa tərəfinə toxunmaq istəyirəm. Jurnalistlər, redaktorlar üçün bu tərəf çox önəmlidir. İstənilən müsahibələrdə İttihamlar ola bilər və buna cavab haqqı vermək də təbiidir. İstər müsahibədə, istərsə də cavab haqqında (təkzibdə) iddiaların olması mümkündür, hətta kim üçünsə bu iddialar böhtan kimi də qiymətləndirilə bilər və sonra məhkəmə müstəvisində böhtandırmı-deyilmi deyə mübahisələndirilə də bilər. Lakin heç bir halda təhqir olmamalıdır. Çünki, Böhtanın mövcudluğu əlavə araşdırma tələb edirsə, təhqirdə araşdırmaya əsas yoxdur. Təhqir əsasən hər kəs tərəfindən əlavə araşdırma olmadan müəyyən edilə bilər. Yayılan videoreportajda,"şərəfsiz, ləyaqətsiz" və s. birbaşa təhqir kimi qəbul edilən ifadələr işlədilir və təhqirə yol verilir.
KİV haqqında Qanuna görə redaktə oluna bilən, (canlı olmayan) informasiyaların yayımında təhqirə yol verilərsə, təkcə təhqirə yol verənlər deyil, onu redaktə etmədən yayan redaktor da məsuliyyət daşıyır.
Ayrıca, cavab haqqı hüququ pozulan şəxsin özünün müstəsna şəxsi hüququdur. Lakin, bütün televiziya kollektivinin 19707 saniyəlik bir video ilə bir adamı hədəf alması cavab haqqı kimi qiymətləndirilməməlidir. Cavab haqqı (təkzib) iddiaların iki misli həcmində ola bilər.
Ələsgər Əhmədoğlu, tanınmış media eksperti, hüquqşünas


































































































