“Tezliklə Xocalıda görüşərik” – Gerçəyin BİR ADDIMLIĞINDA 

“Tezliklə Xocalıda görüşərik” – Gerçəyin BİR ADDIMLIĞINDA 

Hazırda oxunan: “Tezliklə Xocalıda görüşərik” – Gerçəyin BİR ADDIMLIĞINDA 

122529

O gecə onların taleyinə şəhidlik deyil, şahidlik yazıldı. Elə bir şahidlik ki, gördükləri ömürlərinin axırına qədər yaddaşlarından silinməyəcək. Bu şahidləri indi də düşündürən bir sual var.

Doğrudanmı, insan insana qarşı bu qədər qəddar və amansız ola bilər? 

Qoşa qovaq  

Xocalı sakini Məhəmməd Abbasov 1993-cü ildə Qax rayonuna pənah gətirəndə həyətində iki qovaq ağacı əkib. Onun bildirdiyinə görə Xocalıda həyətində də vaxtı ilə qoşa qovaq ağacı olub.

O, illər boyu yurd itkisinin təsəllisini əkdiyi qovaq ağaçalarından alıb. 

“1993-cü ildə mən buraya gələndə, bu ağaclara, meşəyə baxanda hər gün gözümün qabağına Xocalı gəlirdi. Buranın təbiəti, ilə Xocalının təbiəti çox oxşardı”. 

Qan yaddaşımız

“1992-ci il 26 fevralda baş verən dəhşətli soyqırımı xatırlamaq nə qədər ağır olsa da, unutmamalı, unutdurmamalıyıq” deyir Məhəmməd Abbasov: 

“O gecə baş verənlər dəhşət idi. Dedilər ki, Mehdili kəndi tərəfdən tanklar gəlir. Hamı evindən çölə çıxıb nə baş verdiyini anlamağa çalışırdı.  Heç 15-20 dəqiqə keçmədi ki, tanklar Xocalıya çatdılar. Birdən elə bil Xocalıya od yağdı”. 

Bir ailədən hələ də xəbər yoxdu

Bu soyqırımın dəhşətləri Abbasovlar ailəsindən də yan keçmədi. Altı nəfər ailə üzvü itkin düşdü. 31 il keçməsinə baxmayaraq hələ də onlardan xəbər yoxdu: 

“Hüseyn mamam (bibi-red) oğludu. Bu ailə yoxdu. Bu ailədən bir nəfər də çıxmayıb. Məsələn orda adamlar olub, birinin meyitini tapıblar, biri dedi ki, mənim yanımda filankəsi vurdular. Amma bu altı nəfər mamam uşağının gördüm deyən yoxdu”. 

M. Abbasov deyir ki, 44 günlük Vətən Müharibəsi başlayanda altı nəvəsi könüllü olaraq döyüşlərə yollanıb. Onlardan biri şəhidlik zirvəsinə ucalıb. Lakin bu ailə məğrur və qürurludur.

Ən əsası torpaqlarımız işğaldan azad olundu, Xocalı şəhidlərinin də intiqamı alındı. 

“Biz  artıq Xocalını görürük və bir addımlığındayıq, ora qayıdacağımıza az qalıb” Məhəmməd Abbasov bizimlə sağollaşanda belə dedi. 

Son sözü də “tezliklə Xocalıda görüşərik” oldu. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO