Qax rayonunun Ləkit kəndinin mərkəzində insanlara canavar hücumundan sonra əməkdaşımız sözügedən kəndə yollanıb, vəziyyətlə maraqlanıb.
Bizim.Media-nın əməkdaşı xəbər verir ki, dörd bir tərəfi dağlarla əhatə olunan Ləkit kəndinə ötən gün canavarın hücum çəkməsi ilk hadisə deyil.
Əsasən qış aylarında, dağlara qar yağanda, meşələrdə yem tapa bilməyən yırtıcılar kəndi hədəf seçirlər.
Kənd sakini, 74 yaşlı Məcid Qəhrəmanov deyir ki, ötən gün axşam çağı mağazadan evə gələndə avtomobilini saxlayıb, şüşənin qarını təmizləmək istəyib. Elə bu an canavar onu haqlayıb. Əvvəlcə elə zənn edib ki, ona hücum edən itdi. Bir qədər müqavimət göstərəndən sonra avtomobilə əyləşə bilib. Deyir ki, yırtıcı başını qapıdan içəri salaraq onu parçalamağa cəhd etsə də son anda özündə güc toplayıb, qapını bağlayıb.
Məcid Qəhrəmanovla əlbəyaxa olan yırtıcı daha sonra kəndin mərkəzində dayanacaqda söhbət edən dostlara hücum çəkib. Bu dəfə o Hacı Hacıyevi arxadan dişləyib. Amma zərərçəkən cəld tərpənərək canavarın boğazından yapışıb və onu boğmağa çalışıb. Haraya gələn kənd sakinlərinin köməyi ilə canavar zərərsizləşdirilib.
Kənd sakinləri bildirir ki, həmin gün canavar iki baş qoyunu və bir inəyi yaralayıb. Ləkit kənd bələdiyyəsinin sədri Abdulla Kazımov isə deyir ki, qış aylarında vəhşi heyvanların hücumu intesivləşir:
“Qış aylarında aclıq yaranır, ona görə də yırtıcı heyvanlar xırda və iribuynuzlu mal-qaraya hücum edirlər. Sonuncu hadisədən sonra kənddə itlərə quduzluq əleyhinə iynələr vuruldu”.
Qeyd edək ki, rayon baytarlıq idarəsinin mütəxəssisləri müayinə aparmaq üçün öldurulmuş canavardan nümunələr götürüblər.
Canavar hücumuna məruz qalan kənd sakinlərinə isə Qax rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Bu gün səhər hər iki şəxs yenidən həkim müayinəsindən keçib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 24.02.2023
Canavar hücum etdiyi kənddən REPORTAJ – Ac qurd üç nəfərə xəsarət yetirib
Hazırda oxunan: Canavar hücum etdiyi kənddən REPORTAJ – Ac qurd üç nəfərə xəsarət yetirib
Hazırda oxunan: Canavar hücum etdiyi kənddən REPORTAJ – Ac qurd üç nəfərə xəsarət yetirib
122363
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.