Yarmarkalar “Kənddən Şəhərə” qədər niyə gəlib çıxa bilmir? - REPORTAJ

Yarmarkalar “Kənddən Şəhərə” qədər niyə gəlib çıxa bilmir? - REPORTAJ

Hazırda oxunan: Yarmarkalar “Kənddən Şəhərə” qədər niyə gəlib çıxa bilmir? - REPORTAJ

121552

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə fevralın 18-19-u bu ilin ilk “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirildi. Təxminən ay yarımlıq fasilədən sonra təşkil olunan yarmarkalar cəmi iki ünvanda Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi 5 (“Gənclik” metro stansiyasının yanı), Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 5B (“İnqilab” kinoteatrının yanı) ünvanında idi. 

Nazirlik açıqlama yaydı ki, yarmarkaların təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Bizim.Media olaraq fermerlər üçün yaradılan şərait, gətirilən məhsulların keyfiyyəti ilə daha yaxından tanış olmaq üçün “Gənclik” metro stansiyasının yaxınlığında keçirilən yarmarkaya baş çəkdik.

Yarmarkaya daxil olanda ilk gözə çarpan məhsul çeşidlərinin az olması idi. Bəlkə elə buna görə idi ki, müştəri gözə seyrək dəyirdi. Düşündürən məqamlardan bir də burada satılan məhsulların ikinci əl olmadan birbaşa kənddən fermerlər tərəfindən gətirildiyini alıcının necə təyin edəcəyi ilə bağlı oldu. Satılan məhsulların üzərinə vurulan möhürlər təbii görünüşü pozmaqla yanaşı, məhsulun kəndlinin gətirmədiyini deməyə əsas verir. Bir də elə məhsullar da satılır ki, Azərbaycan kəndlisi o malın üzünü də görməyib.  

Satıcılardan birinə yaxınlaşırıq. Özünün dediyi kimi, iki universitet bitirən, əslən Saatlı rayonundan olan, amma Bakıda yaşayan Ramin Mürsəlli başqa vaxtlar bazarda, həftəsonları isə buradakı yarmarkada satıcı işlədiyini gizlətmir: 

“Kartofu, soğanı birbaşa rayonlardan özüm aldığım üçün nisbətən ucuz verirəm. Amma müştəri elə də çox gəlmir”.

Yaşlı alıcı satıcının bu sözündən əsəbləşir: 

“Soğan elə hər yerdə 1 manat 10 qəpikdir. Keyfiyyət də ki, eyni. Kartof da 90 qəpiyə, 1 manata hər yerdən ala bilərəm. Bu uzaq yolu o zaman gələrəm ki, sırf kənddə yetişdirilmiş məhsulun olsun”. 

Qeyd etdiyimiz kimi, alıcıların sayı o qədərdə çox deyildi. Kiminlə həmsöhbət olurduqsa baxmağa, qiymətləri bazarla müqayisə etməyə gəldiyini bildirirdi. Alıcılar qiymətlərin bahalığından, satıcılar da müştəri qıtlığından gileylənirdilər. 

Yaşı 70-i ötmüş Şamaxının Bəklə kəndindən olduğunu deyən (əslində Qobustan-red.) Mələknisə Eyyubova da müştəri azlığından narahat idi.

“Özüm ədviyyatlar satıram. Səhərdən burada dayanmışam. Cəmi iki manatlıq alverim olub. Onun da birini çörəyə, o birini çaya vermişəm”. 

Astara rayonundan olan Mirzə İbrahimov isə öz həyətlərinin məhsulu olan limon, narıngi və bal satır: 

“20 manatdan 50 manata qədər bal var. Kefiyyətli bal daha bahadı. Amma nə olsun. Alan yoxdu”.

Qeyd edək ki, alıcılar məhsulun keyfiyyətini ancaq ağız dadına güvənib seçə bilər. Çünki məhsulların üzərində bu barədə heç bir arayış yoxdur. Üstəlik ağzı acıq qablarda satılan bal məhsulunun üzərinə hər alıcının bir dəfə əyilib dadına baxması diqqətli müştərin gözündən yayınmır. Satıcı isə bu vəziyyəti öz baxışı ilə izah edir: 

“Bal mikrob götürmür”.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyaları olsa da, alıcıların onlara hər hansı məhsulun keyfiyyəti ilə bağlı müraciət etdiyinin şahidi olmadıq. 

Şamaxının Adnalı kəndindən olan yaşlı təsərrüfatçı gətirdiyi kişmişi tərifləyir: 

“Heç bir kimyəvi qatqı qatmamışam. 10 manata satıram. Marketlər satdıqları məhsulun üzərinə 18 faiz vergini də gəlirlər. Amma biz o vergidən azadıq”. 

Gəncədən olan fermer Zemfira İmanova uzun illərdir ki, arıçılıqla məşğul olduğunu deyir: 

“Gəncədə yaşasam da, Samuxda, Göygöldə 200 yeşik arı saxlayıram. Hər cür arıçılıq məhsulu hazırlayıram və satıram. Şəhərə məhsul gətirməyin xərci çox çıxır. Gəlirik, bəzən bir ay qalırıq. Ev tutmalı oluruq. Yolpulu çox çıxır. Bu da bizə o qədər sərf eləmir”.

Qubanın Qonaqkənd kəndindən olan Adil Abbasov deyir ki, məhsulu əsasən Qubanın bazarından alıb gətirir: 

“Özümün 100 ağac almam var idi. İndi kəsmişəm. Meyvəni sata bilmirdim, heç bir gəlir əldə edə bilmədiyim üçün ləğv etdim. Əslində, indi bura çıxardığım məhsul bir-iki saatlıqdır, alıcı olsa. Amma bundan ötürü günlərlə burada durmalı oluram”.

Qeyd edək ki, bazarda mal əti cəmi bir yerdə gözə dəyirdi. Sabirabad rayonundan gətirdiyi görünüşü o qədərdə ürəkaçan olmayan ətin qiyməti 11 manat 50 qəpik idi”.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Şöhrət Şıxəmirov isə bizə fermerlər üçün yaradılan şəraitdən danışır: 

“Məhsulu yetişdirən kəndli bazara çıxmaq imkanlarından məhrumdur. Biz onlara şərait yaratmağa çalışırıq. Kəndliyə gəlmək sərf emir”. 

Nazirlik rəsmisi deyir ki, məhsulların əksəriyyəti yerli olsa da, meyvə qurusunun çoxu xaricdən gətirlir. Alıcıların az olma səbəbini isə belə izah edir: 

“Marketlərdə şirnikləndirici endirimlər çoxdur. Həm də yaşayış yerlərinə yaxındır. Alıcılar daha çox merketlərə üz tutur. Amma yarmarkaların bir üstünlüyü var ki, burda qiymətlərdə endirimdə etmək mümkündür”. 

Nazirlik rəsmisinin açıqlamasına görə, həftəsonu yarmarkalarında 56 regiondan 70-dən çox fermer iştirak edib. Fermerlər 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxarıblar.


































Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO