Paytaxtın sınıq-salxaq avtobusları niyə bölgələrə ötürülür? - Gəncənin NƏQLİYYAT DƏRDİ

Paytaxtın sınıq-salxaq avtobusları niyə bölgələrə ötürülür? - Gəncənin NƏQLİYYAT DƏRDİ

Hazırda oxunan: Paytaxtın sınıq-salxaq avtobusları niyə bölgələrə ötürülür? - Gəncənin NƏQLİYYAT DƏRDİ

121425

Gəncənin nəqliyyat infrastrukturunda böyük problemlər mövcüddur. Bu haqda dəfələrlə müzakirələr aparılsa da hələki bir irəliləyiş hiss olunmur. 

Bizim.Media-nın Gəncə bürosu problemi araşdırmağa çalışıb. Şəhərin ictimai nəqliyyat parkına nəzər salanda arzuolunmaz mənzərə ilə qarşılaşırsan. 20 ildən çoxdur ki, bu mənzərə dəyişilməz qalıb. 

Köhnə “Qazel”lər, “RAF”lar və.s. Bu parkda ən müasir sayıla biləcək “Hundai” avtobuslarıdır ki, onların da artıq istismar müddəti çoxdan bitib. 

Bu gün Gəncədə 8 daşıyıcı şirkət 32 marşrut xətti üzrə sərnişindaşıma həyata keçirir. Ümumilikdə gündəlik olaraq 300-ə yaxın avtobus və mikroavtobus xəttə buraxılır. Bu nəqliyyat vasitələrinin əksəriyyəti orta və kiçik tutumludur. Sərnişinlərin sözlərinə görə bu gün şəhərin nəqliyyat sistemi çox acınacaqlı vəziyyətdədir. 

“Bakıda xəttlərdən çıxarılan yararsız avtobusları, mikroavtobusları alıb doldurublar Gəncə şəhər sərnişindaşıma parkına. Bu avtobusların içərisində ki, çirki, yararsız oturacaqları görəndə adam heç bu nəqliyyat vasitələrinə minmək istəmir. Amma əlac nədi? Başqa çıxış yolu yoxdur” - deyə sərnişinlər bildirir. Sərnişinlər təkcə avtobusların, mikroavtobusların köhnə olmasından şikayətçi deyillər həm də sürücülərdən narazıdırlar. Sürücünün sükan arxasında siqaret çəkməsi, telefonla danışması, digərləri ilə yarışa çıxması halları da bu iradlar sırasındadır. 

Bizim.Media-ya açıqlanmasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsinin müdiri Müzadil Həsənov bildirir ki, yaxın vaxtlarda problem həllini tapacaq. 

“Gəncədə ictimai nəqliyyatda əhalinin daşınması ilə məşğul olan avtobusların və mikroavtobusların vəziyyəti qənaətbəxş deyil. Bu durumu dəyişmək məqsədilə 8 şirkətlə müəyyən danışıqlar aparılır. AYNA tərəfindən daşıyıcılarla görüşlər keçirilib və avtobusların mərhələli şəkildə dəyişdirilməsi gündəmdədir.
Təbii ki, qiymətlərin də artırılması daşıyıcıların da üzərinə əlavə məsuliyyət qoyur ki, həm xidmətin səviyyəsini artırsınlar, həm də mərhələli şəkildə cari təmirlərini həyata keçirsinlər. Növbəti mərhələlərdə isə avtobusların yenilənməsini həyata keçirsinlər ki, sərnişinlərimizin məmnunluğu təmin olunsun. İlkin razılaşmaya görə hər 3 aydan avtobusların yenilənməsi nəzərdə tutulub. Bu ilin sonunadək Gəncədə sərnişindaşıma parkının yenilənməsi nəzərdə tutulub”, - deyə M. Həsənov bildirib. 

Həmçinin Gəncədə bir neçə nəqliyyat qovşağının yaradılması da nəzərdə tutulur ki, ətraf rayon və kəndlərdən gələn nəqliyyat vasitələri şəhərə daxil olmadan rahat şəkildə sərnişindaşıma ilə məşğul ola bilsinlər. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO