Spirt dünyada ən çox istifadə edilən məhsuldur, çünki onu əldə etmək qeyri-qanuni narkotik maddəni əldə etməkdən daha asandır. Bir çox insanlar spirtli içkilərdən az da olsa qəbul edirlər.
Lakin spirtli içkinin həyat üçün nə qədər təhlükə yarada biləcəyini qəbul etmək istəmirlər.
Tərkibində metil olan spirtli içkilər gözü kor edəcək, hətta ölümə səbəb olacaq dərəcədə təhlükəlidir.
MÖVZU İLƏ BAĞLI:
COVİD vaxtı 100 qram – OLAR, OLMAZ?
Mövzu ilə bağlı toksikoloq Bayram Əliyevlə əlaqə saxladıq.
O, Bizim.Media-ya açıqlamasında dedi ki, spirtli içkilərdən zəhərlənmə hallarına ən çox qış aylarında rast gəlinir:
“İlk növbədə zəhərlənmə qaraciyərə, mədəyə, ürəyə, böyrəklərə təsir göstərərək onları sıradan çıxarır. Metildən hazırlanan içkilər beyinə nüfus edir və onu sıradan çıxarır. Spirtli içkilər müxtəlif xəstəliklərin, o cümlədən əllərdə və ayaqlarda titrəyişlərin yaranmasına, zahiri və batini hiss orqanlarının zəifləməsinə, dəhşətli dərəcədə yuxusuzluğa və qarışıq yuxular görməyə səbəb olur”.
Qida eksperti Azər Əliyev bildirdi ki, əsil araq etil spirtindən düzəlməlidir:
“Kustar üsulla hazırlanan alkoqollu içkilər metil spirtindən hazırlanır. İnsanlar bunu bilmədikləri üçün çox böyük təhlükələrlə üzləşirlər. Məhsulların hazırlanması zamanı gigiyenik qaydalara riayət olunmadığı kimi, istehsal üçün keyfiyyətsiz qablaşdırmalardan da istifadə olunur. Bütün bunlar zəhərlənməyə gətirir”.
A.Əliyev onu da qeyd etdi ki, vətəndaşlar məhsul alarkən diqqətli olmalıdırlar:
“Şübhələr yarandıqda onu almaq düzgün deyil”.
Gül Qədirli, Bizim.Media